Yeni Azərbaycan Partiyası və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib
ID:
03.06.2023 19:30 / SİYASƏT
Foto : AZƏRTAC / Roman Ismailov
İyunun 3-də Bakıda Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.
İyunun 3-də Bakıda Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması baxımından olduqca önəmlidir.
Bildirilib ki, bugünkü konfrans Heydər Əliyev irsinin öyrənilməsi, onun əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir.
YAP Sədrinin müavini qeyd edib ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən misilsiz işlər görüb.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin müasir müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizin ən yeni tarixinə sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunub. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün məqsədyönlü siyasət həyata keçirib və müsbət nəticələr – diqqətəlayiq nailiyyətlər əldə edilib.
Tahir Budaqov deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti ölkəmizə böyük nailiyyətlər qazandırmaqdadır. Xüsusilə də multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi, mühüm layihələrin reallaşdırılması həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir.
Vurğulanıb ki, bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik olan toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən rusəsilli vətəndaşlarımızın payı var. Eyni zamanda, Azərbaycanda mövcud olan icmalar cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar. 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması da bu baxımdan istisna deyil. Bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır. Sabitliyin və inkişafın təmin edilməsi bu günlərdə Azərbaycan xalqının 100 illik yubileyini qeyd etdiyi Heydər Əliyevin siyasətinin ən mühüm nailiyyətlərindəndir. Heydər Əliyev xalqın ona göstərdiyi etimadı tam doğrultdu. Sabitliyin təmin olunması dövlətçiliyin möhkəmlənməsinə xidmət etdi, Azərbaycanın davamlı inkişafı üçün əlverişli zəmin yaratdı.
Qeyd olunub ki, Heydər Əliyev keçmiş SSRİ respublikaları arasında mehriban qonşuluq münasibətlərinə həmişə böyük əhəmiyyət verir, Rusiya-Azərbaycan əlaqələrinin gələcəyinə nikbinliklə baxırdı. Ümummilli Lider bu gün ölkələrimiz arasında dinamik inkişaf edən əməkdaşlığın əsasını qoydu.
M.Zabelin diqqətə çatdırıb ki, Heydər Əliyevin xeyir-duası ilə 1993-cü ilin mayında Azərbaycanda Rus İcması yaradılıb və bu gün Cənubi Qafqazda ən böyük - 120 min nəfərdən çox üzvü olan icma 30 illik yubileyini qeyd edir.
Vurğulanıb ki, multikulturalizm Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib. Bu gün Azərbaycanın multikulturalizm və tolerantlıq modeli dünyada nümunə kimi göstərilir. Hər bir azərbaycanlı üçün adi görünən bu vəziyyət başqa ölkələrdə unikal nailiyyət kimi qəbul edilir.
Mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan dövlətinin mədəniyyət siyasətində multikulturalizm amili başlıca istiqamətlərdən biridir. Azərbaycan çoxmillətli və çoxmədəniyyətli bir ölkədir. Bu istiqamətdə son 30 ildə ölkəmizin keçdiyi yola nəzər salmaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun strateji baxımdan nə qədər uzunmüddətli və bu gün üçün də nə qədər aktual olduğunu görməyə bir daha imkan verir.
Bildirilib ki, fərqli millət və mədəniyyətlərin bir arada yaşaması və tərəqqisi mədəniyyət məkanının zənginliyini artırır, müxtəlif fikirləri bir araya gətirərək yaradıcılığa və innovasiyalara təşviq edir. Multikulturalizm və tolerantlıq müasir Azərbaycan cəmiyyətinin yaşam tərzi olmaqla bir sıra etnik, dini, linqvistik aspektlərlə yanaşı, mədəni aspektləri də əhatə edir. Ulu Öndərin irəli sürdüyü azərbaycançılıq konsepsiyası birləşdirici ideya kimi mədəniyyət sahəsində yeni çalarlar qazanaraq müasir Azərbaycanın multikulturalizm modelini formalaşdırıb.
Adil Kərimli vurğulayıb ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yaşayan bütün millətlərin və etnik qrupların mədəni dəyərlərinin qorunub saxlanılması və inkişafı ilə bağlı sistemli siyasət həyata keçirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin əsası kimi müəyyən edilən multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin milli ideologiyasının təməl prinsipidir. Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycan xalqı bu təməl prinsip əsasında bir yumruq kimi birləşdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
Konfransda çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin Həmvətənlərlə İşlər üzrə Departamentinin direktoru Aleksandr Nurizadə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun konfrans iştirakçılarına məktubunu oxuyub.
Həştərxan vilayətinin mədəniyyət və turizm naziri Olqa Prokofyeva çıxışında bildirib ki, multikulturalizm və tolerantlıq hər bir müasir, inkişaf edən dövlətin gələcəyi üçün vacibdir. Onun sözlərinə görə, Azərbaycanla Həştərxan vilayətini çoxmillətli müxtəliflik birləşdirir ki, bu da bizim əvəzsiz irsimiz və üstünlüyümüzdür.
O qeyd edib ki, Heydər Əliyev səmərəli əməkdaşlığın əsasını qoyub və bunun sayəsində Azərbaycan bu gün Həştərxan vilayətinin əsas tərəfdaşlarından biridir. O, Həştərxanda Ümummilli Liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini də əlavə edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Arximandrit Aleksiy Nikonorov qeyd edib ki, istənilən xalqın milli kodu bu xalqın dilinə, mədəniyyətinə, adət-ənənəsinə, dininə əsaslanır. Azərbaycanın milli kodu multikulturalizm, tolerantlıq, digər etnik qruplara və dini inanclara hörmət kimi elementləri özündə ehtiva edir. Azərbaycanda müxtəlif mədəniyyətə və konfessiyaya malik insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Mədəniyyətlərin müxtəlifliyi qarşılıqlı mənəvi zənginləşmə mənbəyinə çevrilir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir.
“Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modelini bütün dünyaya təqdim ediblər. Azərbaycan təcrübəsi göstərir ki, multikulturalizm xalqların polietnik şəraitdə birgəyaşayışının ən optimal formasıdır. Azərbaycanda hər bir etnik qrupun mədəniyyətinin inkişafına, eyni zamanda, mədəniyyətlərarası inteqrasiyanın gücləndirilməsinə böyük diqqət yetirilir. Biz bütün bunları təqdir edirik”, - deyə o vurğulayıb.
2023 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.