×
Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın moderatoru olduğu iclasda Pakistanın Federal Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vaciha Qamar çıxış edərək bildirib ki, qütbləşmənin dərinləşdiyi müasir dünyada media cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. Media artıq yalnız informasiya mənbəyi deyil, həm də ictimai rəyin formalaşmasına, müxtəlif icmaların bir-birini anlamasına və cəmiyyətlər arasında əlaqələrin güclənməsinə təsir göstərən əsas vasitələrdən biridir. Bu təsir jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur.
Özbəkistanın Prezident Administrasiyasının nəzdində Kütləvi İnformasiya Vasitələri üçün Məzmun İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov isə deyib ki, media sahəsində müvafiq görüşlər daha çox olmalı və media təşkilatlarının rolu xüsusilə qəbul edilməlidir. Media qurumları istər siyasi hadisələr nöqteyi-nəzərindən, istər insanların yaşadığı tarix, daşıdığı mədəniyyət, aldığı təhsil, yaratdığı və qoruduğu ənənələr, ortaq layihələr və əldə edilmiş uğurlar barədə məlumatların auditoriyaya çatdırılması baxımından çox vacib bir vasitədir.
Kobuljon Əhmədovun sözlərinə görə, ölkələr arasında peşəkar əməkdaşlıq yaradılmalıdır. Buraya media sahəsinin peşəkarları cəlb edilməlidir. Eyni zamanda, ortaq informasiya və mədəniyyət layihələri həyata keçirilməlidir.
Fələstin Dövlətinin Qazaxıstandakı səfiri Montaser Abu Zeid diqqətə çatdırıb ki, bugünkü çağırışlara sürətlə inkişaf edən süni intellekt texnologiyaları ilə bağlı yeni bir məsələ də əlavə olunur. Süni intellekt informasiya təhlili, faktların yoxlanılması, biliklərə çıxış imkanlarının genişləndirilməsi və informasiyanın daha sürətli yayılması baxımından jurnalistikanın qarşısında geniş imkanlar açır.
Səfirin fikrincə, süni intellekt, həmçinin yeni risklər də yaradır. Bunlara yanlış və manipulyativ məlumatların yayılması, saxta foto və videoların hazırlanması, eləcə də ictimai rəyin manipulyasiyası daxildir. Bu səbəbdən şəffaflıq, insan nəzarəti olmalı, həmçinin jurnalistikanın peşəkar və etik standartlarına ciddi riayət edilməlidir.
İordaniya Haşimilər Krallığının Hökumətlə Kommunikasiya Nazirliyinin baş katibi Zaid Əl-Nəvayseh bildirib ki, informasiya prosesi ictimai müzakirələrin zənginləşməsinə xidmət etməli, insanlarda qorxu yaratmağa, həqiqətləri təhrif etməyə və ictimai rəyi manipulyasiya etməyə yönəlməməlidir: "Süni intellekt texnologiyalarının və saxta foto, video və audiomaterialların yaradılmasına imkan verən “deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır. Süni intellekt texnologiyalarının hər yeni inkişaf mərhələsi saxta məzmunun müəyyənləşdirilməsi və manipulyasiyaların qarşısının alınması üçün daha səmərəli üsulların tətbiqini tələb edir".
Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnogoyeva da öz növbəsində Forumun mövzusunun vacibliyini qeyd edib. O deyib ki, dünyamız artan qütbləşmə ilə üzləşir. Ona görə də media ictimaiyyəti qarşısında dayanan başlıca vəzifə etibarı yaradan, cəmiyyəti birləşdirən, mədəniyyətlərarası dialoqa rəvac verən bir vasitə kimi çıxış etməkdir.
AQEM coğrafiyasında etibarı yaratmağın və möhkəmləndirməyin ortaq məsuliyyət olduğunu söyləyən nazir müavini, həmçinin vurğulayıb: “Dezinformasiyanın və informasiya müharibələrinin vüsət aldığı bir dövrdə, əlbəttə ki, jurnalistlərimizi və digər peşəkarları bir araya gətirməli, əməkdaşlığımızı davam etdirməliyik”.
Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Taveak Amida isə bildirib ki, etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır. Sosial həmrəylik və dialoq hər kəsin eyni fikirdə olmasını tələb etmir. Əsas məsələ müxtəlif baxışları yoxlanılmış məlumat və qarşılıqlı hörmət əsasında dəyərləndirmək bacarığıdır. Xüsusilə emosiyaların yüksək olduğu məqamlarda məsuliyyətli və hörmətli kommunikasiya mühüm əhəmiyyət daşıyır. Media belə məqamlarda ortaq məxrəc tapmağa çalışmalıdır.
İclas mövzuya dair müzakirələrlə işini davam etdirib.