İyulun 7-də Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda "Diplomatiya həftəsi"nin açılış mərasimi keçirilib.
×
İyulun 7-də Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda "Diplomatiya həftəsi"nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rəsmi açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edərək iştirakçıları salamlayıb. Könüllü gənclərin iştirakı ilə keçirilən açılış mərasimində əsas qonaq qismində xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
Bu tədbirin ənənəvi xarakter daşıdığını diqqətə çatdıran nazir Ceyhun Bayramov qeyd edib ki, artıq üçüncü dəfədir "Diplomatiya həftəsi" keçirilir. Tədbirin əsas məqsədi bu sahəyə marağı olan gənclərlə və könüllülərlə birgə maraqlı proqramlar tərtib etmək, ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Azərbaycanın bu və ya digər sahədə dünyada cərəyan edən məsələlərdə mövqeyinin öyrənilməsindən ibarətdir. Nazir bildirib ki, “Diplomatiya həftəsi”nin gedişində diplomatiya Könüllülərinin Şuşaya səfər etməsi, həmçinin Azərbaycanın postmünaqişə dövründəki məqsədləri ilə tanış olması gözlənilir.
Ceyhun Bayramov qeyd edib ki, 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqları 44 günlük Vətən müharibəsində Ordumuzun şücaəti ilə azad olundu. Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Azərbaycan Vətən müharibəsindən sonra Ermənistana ən yüksək səviyyədə sülh müqaviləsi üzərində işləmək təklifi edib. Bu, siyasi iradə və gələcəyə baxış tələb edir. Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb.
“Biz "Diplomatiya həftəsi" çərçivəsində ən vacib istiqamətlərdən biri olan 30 illik işğal və müharibə dövrlərində baş vermiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq. Düzdür biz sülhsevər dövlətik, xalqıq, gələcəyə baxırıq, amma bu, o demək deyil ki, biz keçmişi unutmalı və ondan dərs çıxarmamalıyıq. Bu cür hadisələrin təkrarlanmaması üçün insanlar baş verənlər haqqında həqiqəti bilməlidirlər”, - deyə Ceyhun Bayramov qeyd edib.
Tədbirdə könüllərin sualları cavablandırılıb.