×
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısı olduğunu bildirib. Deyib ki, Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür. O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir.
Sonra iclasın gündəliyi qəbul edilib.
Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.
Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir. “Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və “Bir kəmər, bir yol” Təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir”, - deyə o əlavə edib.
Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atır. “Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksək səviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək”, - deyə Baş nazirin müavini vurğulayıb.
Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib: “Bu, eyni zamanda, Təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni Türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir Türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik”.