×
Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır.
Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.
Onun sözlərinə görə, işğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar-“döyüşməyi bacarmayan alverçilər”, “köçəri millət”, “primitiv köçərilər” və sair epitetlər daşlaşmış zehinlərin göstəricisi idi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu.
"Qarabağ komitəsinin üzvü İqor Muradyanın Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz” sualına, “onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı Miatsum fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurmuşdu.
Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi. Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnologiyalarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara qoyan vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtdı.
Doğrudur, onlardan bir qismi əvvəlki xətti davam etdirərək, Azərbaycanda sosial şəbəkələr və bəzi çap materiallarında ermənilərə qarşı etnik-milli, dini əsaslı nifrət nümunələrini beynəlxalq qurumlara göndəriblər. Məqsəd birgəyaşayışa zərbə vurmaq, qonşu yox, əbədi düşmənçiliyi təbliğ etmək, “exzistensialist təhdid” mifi ilə ikinci erməni dövlətinin yaradılmasına haqq qazandırmağa çalışırlar. Üstəlik, nifrət dilini bizə beynəlxalq təşkilatlar, avroparlamentarilər və qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında hakimlər, vəkillər həyata keçirir. Lakin ölkəmizə qarşı informasiya və diplomatik yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar", - deyə Z.Oruc vurğulayıb.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazlarda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə nifrətə son qoymasıdır.