×
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasından keçən 30 il ərzində ikitərəfli əlaqələr daim inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin siyasi iradəsi, onların şəxsi dostluq münasibətləri sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev bu fikri dekabrın 16-da ADA Universitetində keçirilmiş “İnterqasiya prosesləri kontekstində Rusiya-Azərbaycan münasibətlərinin müasir vəziyyəti və perspektivləri” mövzusunda söyləyib.
Konfransda “Azərbaycan-Rusiya münasibətləri regionda yeni reallıqlar kontekstində” mövzusunda məruzə ilə çıxış edən Ş.Mustafayev xüsusi vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər çoxəsrlik mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrinə əsaslanır.
Qeyd edilib ki, son iki ildə dünya birliyinin üzləşdiyi yeni reallıqlar – koronavirus pandemiyası və onun nəticələri, silahlı münaqişələr, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin sürətlə artması, mövcud logistika zəncirlərinin tarazlığının pozulması, dünya ticarət siyasətinin volatilliyi və ticarət müharibələri ticari-iqtisadi və humanitar sahələrdə beynəlxalq əməkdaşlığın ənənəvi formalarına təsir göstərir, lakin bu amillər eyni zamanda yeni imkanlar yaradır.
Ş.Mustafayev vurğulayıb ki, yeni reallıqlar çərçivəsində əsas səylər 2024-cü ilə qədər olan dövrdə Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin əsas istiqamətlərinin inkişafına dair planın reallaşdırılması üzərində cəmləşib. Ticarətdə mövcud maneələrin aradan qaldırılması, rəqəmsal iqtisadiyyatın və nəqliyyat infrastrukturunun inkişafı, elm tutumlu birgə istehsalatlar yaradılması, qarşılıqlı turist mübadiləsinin artırılması və başqa tədbirlər nəzərdə tutulan yeddi yol xəritəsi çərçivəsində əməkdaşlıq proqramı fəal həyata keçirilir.
Diqqətə çatdırılıb ki, cari ilin yanvar-oktyabr ayları ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi nikbin olmağa əsas verir – bu sahədə təqribən 7 faiz (2,35 milyard dollar) artım qeydə alınıb. Beləliklə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı kimi qalır. Qarşılıqlı investisiyaların dinamikası da nikbinlik doğurur. Rusiya Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyub. Öz növbəsində Rusiya iqtisadiyyatına Azərbaycan investisiyalarının həcmi 1,2 milyard dollardan çox olub. Azərbaycanda Rusiya kapitalına əsaslanan 1110 müəssisə qeydiyyat alınıb.
Ş.Mustafayev bəyan edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası çərçivəsində də yeni imkanlar yaranır. Rusiya şirkətləri 13 layihə barədə öz təkliflərini təqdim ediblər. Bu layihələrdən biri – Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz vadisi iqtisadi zonası” sənaye parkında KamAZ müştərək servis mərkəzinin tikintisi artıq reallaşmaqdadır.
Ş.Mustafayev aqrar-sənaye kompleksi üzrə əmtəə dövriyyəsinə dair statistik məlumatlara istinadla qeyd edib ki, Azərbaycan Rusiyadan aqrar məhsulların ən iri alıcılarının ilk onluğuna daxildir.
Qeyd edilib ki, tranzit nəqliyyat sahəsində ən uğurlu layihələrdən biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Bu dəhliz vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə yüklər göndərilir. 2020-ci ildə “Şimal-Cənub” dəhlizi üzrə yükdaşımaların həcmi 15,3 faiz, “Şimal-Qərb” dəhlizi üzrə 11 faiz artıb.
Ş.Mustafayev vurğulayıb ki, neft-qaz sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycanda Rusiyanın çoxsaylı enerji şirkətləri, o cümlədən “Qazprom”, “Transneft”, “Lukoyl” şirkətləri uğurla fəaliyyət göstərir. “Lukoyl” şirkətinin Azərbaycanda Şahdəniz layihəsində və digər layihələrdə iştirakının genişləndirilməsinə dair saziş bağlanması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə artıq bir neçə ildir Rusiya nefti nəql edilir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, iqtisadi sahədə ilə bərabər humanitar sahədə də əməkdaşlıq uğurla həyata keçirilir. Ötən illər ərzində təhsil və elm, səhiyyə, mədəniyyət, idman sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələr xeyli fəallaşıb.
Ş.Mustafayev koronavirus pandemiyasına qarşı mübarizədə Rusiyanın Azərbaycana göstərdiyi köməyi yüksək qiymətləndirib. Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Rusiyadan 300 min doza “Sputnik V” Rusiya vaksini idxal edilməsinə icazə verilib. Bu vaksinin çox hissəsi artıq ölkəmizə gətirilib.
Azərbaycan Respublikasının Baş nazirinin müavini vurğulayıb ki, regionun gələcəyinə uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi kontekstində nəzərdən keçirilməlidir. Ş.Mustafayev hərbi əməliyyatların dayandırılmasında və regionda vəziyyətin sabitləşməsində Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu vurğulayıb. Azərbaycan birgə bəyanatların müddəalarının tam həcmdə reallaşmasına, habelə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə tərəfdardır.
Ş.Mustafayev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası ölkəmizin strateji prioritetidir. Bu məsələlərin həlli üçün dövlət büdcəsindən külli məbləğdə vəsait ayrılıb, özəl investisiyalar cəlb edilir. Azad edilmiş ərazilərin bərpası həm də regional əməkdaşlığın inkişafı üçün böyük perspektivlər deməkdir. Bu ərazilərdə layihələrin həyata keçirilməsinə xarici investorların, o cümlədən Rusiya biznes birliyinin marağı qeyd edilib.
Ş.Mustafayev deyib ki, Cənubi Qafqaz regionunda yeni reallıqlar regiondakı bütün ölkələr arasında, o cümlədən Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq potensialını əhəmiyyətli dərəcədə genişləndirib, bu reallıqlar yeni məzmunlu ideya və layihələr hesabına genişlənir. Bu gün Azərbaycan region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin fəal tərəfdarıdır.