Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. Ordumuzun qəhrəmanlığı həm xalqımızı Qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı.
×
Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. Ordumuzun qəhrəmanlığı həm xalqımızı Qələbə ilə sevindirdi, həm də ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir və bu da dünyada hökm sürən ikili standartların bir sübutudur.
AZƏRTAC xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumunda çıxışı zamanı bildirib.
R.Hacıyev deyib ki, yaxın günlərdə Qarabağ Dirçəliş Fondunun maliyyə göstəriciləri ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, Fonda minlərlə həmvətənimiz, bir çox şirkətlər ianələr edib.
“Fond artıq bir neçə layihəyə maliyyə dəstəyi ayırmağa başlayıb. Bu layihələrin arasında Şuşa şəhərində üç tarixi abidənin bərpası və yenidən qurulması var. Bunlar Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Üzeyir Hacıbəylinin yenidən qurulan heykəli, Xalça Muzeyi və Yaradıcılıq Mərkəzidir. Mədəniyyət Nazirliyi ilə Ağdamdakı İmarət kompleksinin bərpası üzrə konsepsiya hazırlanır. Dövlət Turizm Agentliyi ilə Şahbulaq qalasının bərpası və ətrafında turizm infrastrukturunun yaradılması üzrə müəyyən işlər aparılır. Füzulidə Fondun birbaşa icra etdiyi 20 hektar ərazidə müasir “ağıllı” park salınır. Hələ ki, layihələdirmə işləri aparılır. Zəngilan rayonunda Ekologiya Nazirliyi ilə birlikdə 30 min ağac əkilir. Gələcəkdə isə daha 20 min ağac əkiləcək. Bu, Zəngilan şəhərinin girişində olan meşə massivinin bərpası layihəsidir”, - deyə Rəhman Hacıyev diqqətə çatdırıb.