Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi.
×
Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı Azərbaycanın mövqeyini şərh edərkən bildirib.
Dövlətimizin başçısı deyib ki, müharibədən sonra Azərbaycan Ordusu dövlət sərhədinin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu: “Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq”.
Noyabrın 16-da sərhəddə baş vermiş toqquşmadan danışan Azərbaycan Prezidenti əlavə edib ki, “biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq”.
“Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.