×
Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzulu plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın moderatorluğu ilə keçirilən plenar sessiyada süni intellektin insan hüquqlarına təsiri, yaratdığı imkanlar və risklər, eləcə də bu sahədə dövlətlərin və beynəlxalq institutların məsuliyyəti müzakirə olunub.
Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş bildirib ki, bu gün süni intellekt dövlət idarəçiliyindən təhsil, səhiyyə, ədliyyə, kommunal və digər ictimai xidmətlərə qədər bir çox sahədə qərarların qəbuluna, xidmətlərin göstərilməsinə və vətəndaşlarla dövlət arasında kommunikasiyaya mühüm təsir göstərir. O qeyd edib ki, AI texnologiyalarının tətbiqi xidmətlərin daha operativ, dəqiq və səmərəli təşkilinə şərait yaradır, eyni zamanda, resurslardan daha rasional istifadə imkanlarını genişləndirir.
Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca XXI əsrin texnologiya və bilik əsri kimi xarakterizə olunduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, dövrün ən sürətlə inkişaf edən və yayılan texnologiyalarından biri süni intellektdir. Bununla yanaşı, AI insan hüquqları baxımından bir sıra ciddi risk və təhdidlər də yaradır. Onun sözlərinə görə, bu, şəxsi həyatın toxunulmazlığı, məlumatların məxfiliyi, onların təhlükəsiz saxlanılması, eləcə də həmin məlumatlara kimin və hansı məqsədlə çıxış əldə etməsi kimi mühüm hüquqi və etik məsələləri gündəmə gətirir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, süni intellektin insan hüquqlarına təsiri dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiyanın təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunması məqsədilə Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahədə institusional idarəetmənin gücləndirilməsi baxımından mühüm addımdır.
Oman İnsan Hüquqları Komissiyasının sədri Raşid Əl Baluşi vurğulayıb ki, süni intellekt insan hüquqları üçün müəyyən risklər yaratmaqla yanaşı, düzgün idarə olunduğu və insan hüquqları prinsiplərinə uyğun tətbiq edildiyi təqdirdə sağlamlıq, təhsil və digər fundamental hüquqların daha səmərəli təmin olunmasına, həmçinin cəmiyyətdə hüquqi maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verə bilər. Onun fikrincə, bunun üçün dünya ölkələrinin birgə əməkdaşlığı və koordinasiyalı fəaliyyəti vacibdir.
Bosniya və Herseqovinanın Ombudsmanı Yasminka Cumhur isə qeyd edib ki, süni intellektin tətbiqi nəticəsində iş yerlərinin itiriləcəyi ilə bağlı narahatlıqlar tez-tez səsləndirilir. Eyni zamanda, texnologiyanın həddindən artıq və düşünülməmiş tətbiqi sistemsiz yanaşmalara səbəb ola bilər. Bu isə süni intellektin zəruri olmadığı sahələrdə istifadəsinə gətirib çıxarır və nəticədə ayrılan resursların səmərəliliyi, eləcə də yatırılan vəsaitlə əldə olunan ictimai fayda arasında balansın necə qorunması ilə bağlı suallar yaradır.
Plenar sessiya mövzu ətrafında müzakirələrlə davam edib.