Fevralın 10-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar ictimai-siyasi həyatda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər.
×
Fevralın 10-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi zamanı deputatlar ictimai-siyasi həyatda baş verən proseslərlə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışları nəticəsində Cənubi Qafqazda sülh gündəliyi əsas prioritetə çevrilib. Azərbaycan və Ermənistanın siyasi liderlərinin davamlı təmasları dövlətlərarası normallaşma prosesinin ardıcıl və prinsipial xarakter aldığını göstərir. Qarabağ münaqişəsinə son qoyulması, bölgədə sülhün bərqərar olması, nəqliyyat dəhlizlərinin açılması regiona olan marağı əhəmiyyətli dərəcədə artırıb. Regionda baş verən proseslər beynəlxalq təhlükəsizliyə, enerji marşrutlarına, yeni geosiyasi balansın formalaşmasına təsir göstərir. Bu baxımdan, ABŞ-ın Vitse-prezidenti Ceyms Vensin Ermənistana və Azərbaycana səfəri regionda sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir, Azərbaycanla ABŞ arasında münasibətlərin daha da inkişafına şərait yaradır.
Müzakirələr zamanı gündəmdə olan bir sıra digər məsələlərə də toxunulub. O cümlədən erməni separatçıları ilə bağlı bu günlərdə Bakıda verilən məhkəmə qərarları barədə səsləndirilən fikirlərdə, bu addım ölkəmizin qanun, nizam və sülh üzərində qurulan gələcək üçün çalışdığının göstəricisi kimi dəyərləndirilib. Bununla yanaşı, deputatlar seçiciləri narahat edən bir sıra məqamlara da münasibət bildiriblər.
İclasda 12 məsələnin müzakirə olunacağını deyən Sahibə Qafarova ilk məsələnin beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı qanun layihəsi olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Vurğulayıb ki, Konvensiya bu gün ratifikasiya edildiyi halda Azərbaycan Respublikası bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edə bilər. Bu, ölkəmizin kibercinayətkarlıqla mübarizə sahəsində qabaqcıl və təşəbbüskar mövqeyini nümayiş etdirəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.