"Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 4-də Qərbi Azərbaycan İcmasında olub.
×

AZƏRTAC xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi xatırladıb.
İcmanın yaranması və fəaliyyəti barədə danışan Ə.Ələkbərli bildirib ki, İcmada toplaşan insanlar 1987-1991-ci illərə qədər indiki Ermənistan ərazisində yaşayıblar. İcmanın məqsədləri barədə məlumat verən İdarə Heyətinin sədri vurğulayıb ki, Qərbi Azərbaycan İcması olaraq son 200 ildə öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarını beynəlxalq müstəviyə qaldırmağa və onların qayıdış hüququnun təmin olunmasına çalışırlar.
O qeyd edib ki, sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı Ermənistan tərəfindən doğma yurdlarından didərgin salınıb. Həmin dövrdə 172 kənddə ancaq azərbaycanlılar yaşayırdılar və orada bir nəfər də olsun erməni yox idi.
Bildirilib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır. Onların geri qayıdışına şəraitin yaradılması Ermənistan dövlətinin öhdəliyidir.
Azərbaycanlıların yaşadıqları tarixi torpaqlarına qayıtmaq istəmələrinin Ermənistanın ərazi iddiası kimi təqdim etməsinin isə heç bir əsası yoxdur.
Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.