×
İyulun 8-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Musa Quliyev, Arzu Nağıyev, deputatlar Kamran Bayramov, Tahir Mirkişili, Soltan Məmmədov, Tural Gəncəliyev, Vüqar Bayramov, Asif Əsgərov çıxış ediblər.
Deputatlar iyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasda 15 məsələnin müzakirə ediləcəyini və gündəliyin ilk 10 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Birinci məsələ - “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, sənədin həm Naxçıvan Ali Məclisində, həm də Milli Məclisdə geniş müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.
Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra o, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.
Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri növbəti 2 məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.