×
Mayın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova 12 məsələnin müzakirə ediləcəyini bildirib. O, birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumat olduğunu söyləyib.
Daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib. O bildirib ki, 2024-cü il ölkəmizin bir sıra dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə insan alverinə qarşı mübarizə sahəsində tədbirlər, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi davam etdirilib. Müvafiq tədbirlər çərçivəsində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, "2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı", dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihələri üzərində işlər tamamlanaraq, aidiyyəti üzrə təqdim olunub.
Seyfulla Əzimov deyib ki, xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, ölkə ərazisindən tranzit keçən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması, tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması məqsədilə dövlət orqanlarına maarifləndirici vasitələr və analitik materiallar göndərilib, sosial şəbəkələrə yerləşdirilib. Bildirilib ki, maarifləndirmə tədbirlərinə hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, media və yerli icra hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tibb işçiləri, sahibkarlar, nəqliyyat, təhsil, sosial müdafiə, məşğulluq mərkəzlərinin işçiləri cəlb edilib. Aidiyyəti peşə sahiblərinə insan alveri qurbanlarının hüquqlarının müdafiəsi mövzusunda təlimlər və ixtisasartırma kursları təşkil olunub.
Milli Koordinator diqqətə çatdırıb ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində mütəmadi olaraq əhali ilə görüşlər keçirilərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə məlumatlandırma işi aparılıb. Hesabat ilində dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, eləcə də məşğulluqlarının təmin edilməsi ilə bağlı yardımlar davam etdirilib. Bununla yanaşı, Azərbaycanda və əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraitinin öyrənillməsi məqsədilə 1265, himayədar ailələrə verilmiş uşaqlarla bağlı 231 monitorinq aparılıb. Aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınması təmin edilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.
Milli Koordinator vurğulayıb ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin icrası da diqqətdə saxlanılıb. Onlardan 80 nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək tibbi, sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib. Daha 18 qurban peşə kurslarına yönəldilib, 9 nəfəri işlə təmin edilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik göstərilib, 44 qurbanın ailəsinə qayıdışı təmin olunub.