×
Azərbaycanın Laçın rayonundan Xankəndi şəhərinə gedən yolun Şuşa şəhərindən keçən hissəsində keçirilən aksiyanın əsas hərəkətverici qüvvəsi olan Azərbaycan gəncləri və könüllüləri 18 gündür yüksək əzm, mətanət, qətiyyət, iradə nümayiş etdirirlər. Onlar mütəmadi olaraq Laçın-Xankəndi yolunun hər iki istiqamətində dayanaraq ekoloji terrora son qoyulması, ərazilərimizin ermənilər tərəfindən talanmasının dayandırılması ilə bağlı şüarlar səsləndirirlər. Həmçinin faydalı qazıntı yataqlarında müvafiq dövlət qurumlarımızın monitorinq keçirməsinə çağırış edirlər.
Dekabrın 29-da AZƏRTAC-ın hadisə yerindəki müxbiri Laçın-Xankəndi yolunda aksiya iştirakçılarının bəziləri ilə həmsöhbət olub.
Ekoloq Kamran Bayramov qeyd edib ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının kontingenti mütəxəssislərimizin təbii qazıntı yataqlarında monitorinq aparmasına şərait yaratmalıdırlar. Bu tələbimiz yerinə yetirilməyənədək aksiya davam edəcək.
“Bizim məqsədimiz aksiyanı siyasiləşdirmək deyil. Biz şüarlarımızı sivil qaydada səsləndiririk. Həmçinin Laçın-Xankəndi yolunda humanitar yüklərin daşınması üçün heç bir maneə yoxdur”, - deyə o qeyd edib.
Bakı Dövlət Universitetinin tələbəsi Ayxan Balayev aksiyanın dinc şəkildə davam etdiyini bildirərək deyib: "Mən və bütün yoldaşlar yüksək əhval-ruhiyyədə öz haqlı etirazlarımızı bildiririk. Burada sanki ailə mühiti formalaşıb".
Ayxan Balayev aksiya iştirakçılarının tələblərinin yerinə yetiriləcəyinə əminliyini ifadə edib. Deyib ki, əgər tələblərimiz təmin olunmasa, nəinki 18 gün, hətta aylarla burada öz etirazlarımızı səsləndirəcəyik.
O əlavə edib ki, sülhməramlılara məxsus təminat avtomobillərinə aksiya ərazisindən keçməyə şərait yaradılır.
Könüllü Aytən Qurbanova da təəssüratlarını bölüşənlər arasında olub. O, ermənilər tərəfindən ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilən dinc aksiyada iştirak etmək üçün burada olduqlarını vurğulayıb.
“Ermənistanda aksiya barədə saxta, həqiqətə uyğun olmayan məlumatlar tirajlanır. Guya aksiya iştirakçıları yolu bağlayır, humanitar böhran yaradırlar. Amma bunun real sübutu yoxdur. Aksiya ərazisindən hər gün onlarla avtomobil maneəsiz hərəkət edir.
"ASAN" könüllüsü Səbuhi Əhmədzadə isə vurğulayıb ki, aksiyanın məqsədi Azərbaycan ərazilərində təbii sərvətlərin istismarına son qoyulması və monitorinqin aparılmasına icazə verilməsinin tələb edilməsidir. Bu proseslər baş verməsə, aksiya davam edəcək