Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsində Qarabağdakı 4 ərazinin adının dəyişdirilməsi barədə sərəncam verdi.
×
Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsində Qarabağdakı 4 ərazinin adının dəyişdirilməsi barədə sərəncam verdi. Sərəncam əsasında Madagiz Suqovuşan (Tərtər), Vəng kəndi Çinarlı (Xocavənd), Quşçubaba kəndi Baharlı (Xocalı), Tsakuri kəndi isə Hünərli (Xocavənd) adlandırıldı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Azərbaycanın müstəqillik yolunda keçdiyi şərəfli yoldan danışan komitə sədri xalqımızın ürəyindəki arzuların bir-birinin ardınca reallığa çevrildiyini bildirib. Müstəqilliyimizin, suverenliyimizin qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan S.Novruzov Ümummilli Liderin vaxtilə çıxışlarında Ermənistan hökuməti tərəfindən tarixi Azərbaycan torpaqlarında toponimlərin dəyişdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini deyib. Vurğulayıb ki, Ulu Öndərin həmin fikirləri bizim üçün yol xəritəsidir.