Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inanılmaz dərəcədə sürətlə inkişaf edir. Nəinki Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvləri, hətta Avropa ölkələri Azərbaycanda gedən inkişafa yaxşı mənada həsəd aparırlar.
×
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inanılmaz dərəcədə sürətlə inkişaf edir. Nəinki Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvləri, hətta Avropa ölkələri Azərbaycanda gedən inkişafa yaxşı mənada həsəd aparırlar.
Müsbət haldır ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişəyə artıq son qoyulub. Üçtərəfli Bəyanat imzalanıb və tərəflər arasında sülh razılaşması ilə bağlı müzakirələr aparılır. Regionda sülhün və sabitliyin bərpası üçün sülh razılaşmasının imzalanması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri MDB iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (PA) Şurasının Baş katibi Dmitriy Kobitski jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının ofisinin istifadəyə verilməsi bizim ümumi işimizin səmərəliliyini daha da artıracaq. MDB PA-nın iştirakçısı olan dövlətlər arasında sıx əlaqələrin olduğunu vurğulayan Dmitriy Kobitski deyib: “Biz ildə iki dəfə görüşürük, fikir mübadiləsi aparırıq. MDB PA və Şurası birgə monitorinqlər keçirir, deputatlar MDB ölkələrinin seçkilərində müşahidəçi qismində çıxış edirlər. Bu da demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunması məsələlərində təcrübənin öyrənilməsinə müsbət təsir göstərir”.
Əlaqələrin genişləndirilməsində Rusiya və Azərbaycan dövlət başçılarının, parlament rəhbərlərinin görüşlərinin əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Baş katib bildirib ki, ölkələrimiz arasında mövcud sıx münasibətlərin, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və MDB Parlament Assambleyası Şurasının sədri Valentina Matviyenko ilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın birgə əməkdaşlığı mühüm rol oynayır.
Dmitriy Kobitski əlavə edib ki, MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyası da fəaliyyət göstərir və Assambleyanın nümayəndə heyətinə Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev rəhbərlik edir. Gənclər və uşaqlar arasında bir sıra maraqlı layihələrin həyata keçirildiyini qeyd edən Baş katib bu layihələrdən birinin uşaqlara həsr olunduğunu diqqətə çatdırıb. Həmin layihə ilə bağlı ilk təşəbbüsün Qırğızıstan parlamenti tərəfindən irəli sürüldüyünü deyən D.Kobitski hazırda bu layihənin nəinki Qırğızıstanda, digər MDB ölkələrində də keçirildiyini bildirib. Bu il layihənin Rusiyanın Sankt-Peterburq şəhərində reallaşdığını deyən MDB PA Şurasının Baş katibi təşəbbüs olacağı təqdirdə belə bir layihənin Azərbaycanda da təşkil olunacağının mümkünlüyünü qeyd edib.