×
Monteneqronun müstəqilliyinin 18-ci ildönümü münasibətilə iyulun 9-da Bakıda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Monteneqronun Azərbaycan Respublikasındakı fəxri konsulu Vüqar Əliyev Monteneqro dövləti və xalqını dövlət müstəqilliyi günü münasibətilə təbrik edib. Ölkələrimiz arasında dostluğa, tərəfdaşlığa əsaslanan əlaqələrdən bəhs edən V.Əliyev Monteneqronun təbiəti, dəyərləri ilə çox zəngin ölkə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan vətəndaşları artıq 10 ildir bu ölkəyə vizasız gedə bilirlər. O, həftənin beş günü birbaşa reyslərin həyata keçirildiyini də diqqətə çatdırıb.
İqamətgahı Ankarada yerləşən Monteneqronun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç ölkələrimizin dost və etibarlı tərəfdaş olduqlarını qeyd edib. "Monteneqro Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyir", - deyə diplomat vurğulayıb.
Ölkəsinin müstəqillik tarixindən danışan diplomat Monteneqronun Avropa İttifaqına üzvlüyü məsələsinə toxunaraq bunun tezliklə reallaşacağından əminliyini bildirib.
Azərbaycan və Monteneqro arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən P.Kastratoviç vurğulayıb ki, cari ilin iyun ayında Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində Monteneqro-Azərbaycan biznes-forumunun keçirilməsi ölkələrimiz arasında əlaqələrin inkişafının təzahürüdür.
Ölkəsinin turizm imkanlarını diqqətə çatdıran səfir bu istiqamətdə əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, əməkdaşlığın intensivləşdirilməsi çox əhəmiyyətlidir.
Monteneqro dövlətini və xalqını Azərbaycan hökuməti adından təbrik edən Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov XİN-in ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, dövlət və parlament səviyyələrində olduğu kimi, digər sahələrdə də münasibətlərimiz inkişaf etdirilir.
E.Məmmədov qeyd edib ki, Azərbaycan və Monteneqro arasında siyasi dialoq son bir neçə ildə intensivləşib. Milli Məclis sədrinin cari ilin aprel ayında Monteneqro parlamentinin sədri ilə görüşü, aparılan müzakirələr, həmçinin həmin ayda hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin ikinci raundunun təşkili əlaqələrimizin intensivliyini sübut edir.
Ölkələrimiz arasında, həmçinin iqtisadi, turizm, mədəniyyət sahəsində əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirən E.Məmmədov vurğulayıb: “Əlaqələrimizin daha da dərinləşməsi üçün geniş imkanlar var. Bu istiqamətdə hökumətlərarası birgə komissiyanın rolu böyükdür. Əminik ki, dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrimiz daha da genişlənəcək”.