×
Sentyabrın 15-də Bakıda Meksikanın milli bayramı - Müstəqillik Gününün 213-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri Azərbaycan Milli Konservatoriyasının tələbələri tərəfindən ifa edilib.
Sonra Meksikanın Azərbaycandakı səfiri xanım Viktoria Romero qonaqları salamlayıb və iki ölkə arasında mövcud qarşılıqlı siyasi, iqtisadi, ticari əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən söz açıb.
O, Azərbaycanla Meksika arasında daha genış əməkdaşlıq imkanlarının olmasını xatırladaraq, bu ilin may ayında Meksika-Azərbaycan Siyasi Məsləhətləşmələr Mexanizminin üçüncü toplantısının keçirilməsindən bəhs edib. Daha sonra parlamentlərarası əlaqələrə toxunan səfir ölkəsinin Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin, deputat və senatorlarının Azərbaycana səfərindən məmnunluq hissi duyduğunu bildirib.
Viktoria Romero Azərbaycanın Meksika tərəfinin müşahidəçi qismində iştirak etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşü və nazirlər görüşünün təşkili təşəbbüsunu yüksək qiymətləndirdiyini bildirib.
Xanım səfir, həmçinin Meksikanın Azərbaycanda keçirilən “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda da iştirakına toxunub.
Səfir iki ölkənin turizm imkanlarından bəhs edərək bu istiqamətdə işlərin görüldüyünü xüsusi vurğulayıb, səfirlikdə ispan dili klubunun təsis olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək, Azərbaycan Hökuməti adından Meksika xalqını milli bayram münasibətilə təbrik edib.
O, ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, 2007-ci ildə Azərbaycanın Latın Amerikası ölkələrindən ilk olaraq Meksikada, 2014-cü ildə isə Meksikanın Azərbaycanda səfirliklərinin açıldığını diqqətə çatdırıb.
Fərid Qayıbov həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Meksika arasında əməkdaşlığın səmərəli şəkildə davam etdiyini bildirib.
Nazir Meksikanın həm işğal zamanı, həm də ərazilərimiz işğaldan azad edilməsindən sonra da Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Həmçinin diqqətə çatdırıb ki, Meksikanın Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransındakı (MINEPS VII) iştirakını yüksək qiymətləndirir.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.