×
Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, 1927-ci ildə yaradıldığı gündən etibarən Çin Xalq Azadlıq Ordusu ölkənin dövlət suverenliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və inkişaf maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirib, eyni zamanda, qlobal sülhün və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayıb.
Səfir qeyd edib ki, Çin ordusu BMT-nin sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması missiyalarında fəal iştirak edir, beynəlxalq hərbi mübadilə və əməkdaşlığı davamlı şəkildə genişləndirir.
Lu Mey vurğulayıb: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. İki ölkə başçısının strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri möhkəm inkişaf dinamikasını qoruyub saxlayır, müxtəlif sahələr üzrə əməkdaşlıq davamlı şəkildə irəliləyir və xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir”.
Onun sözlərinə görə, hərbi əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir və Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri daha da dərinləşdirməyə hazırdır.
Səfir əlavə edib ki, Çin Azərbaycanla birlikdə iki ölkə rəhbərləri arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, “Bir kəmər, bir yol” təşəbbüsü, süni intellekt sahəsində əməkdaşlıq, eləcə də regionda və dünyada sülhün və inkişafın təşviqi istiqamətində birgə fəaliyyətini davam etdirəcək.
Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun bildirib ki, Çin Xalq Azadlıq Ordusu ölkə tarixinin taleyüklü dövründə formalaşıb və ötən illər ərzində Çinin müstəqilliyinin möhkəmləndirilməsinə, milli inkişafına və davamlı sülhün təmin olunmasına mühüm töhfələr verib.
“Bu gün Çin Xalq Azadlıq Ordusu modernləşmənin yeni mərhələsinə qədəm qoyub və əsas missiyası ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaqla yanaşı, regional və qlobal sülhün möhkəmləndirilməsinə töhfə verməkdir”, – deyə Sun Çjun vurğulayıb.