×
Fevralın 16-da “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması” və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Qlobal sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda beynəlxalq panel təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov çıxış edərək türkün türkdən başqa dostunun olmadığını bildirib. Qeyd edib ki, dünənə qədər bir sıra ölkələr Azərbaycana və Türk dünyasına qarşı maskalanmış siyasət aparırdısa, bu gün artıq həmin maskalar yırtılıb.
O qeyd edib ki, Türk dünyasının gələcəyi təhsil və elmdən asılıdır. Rektor UNEC-in beynəlxalq əlaqələri, ikili diplom proqramları və qarşıda duran digər məsələlər barədə məlumat verib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qlobal güclərin regional məsələlərə şəxsi maraqları kontekstindən baxdığını deyib. Vurğulayıb ki, dünyadakı mövcud idarəetmə sisteminin islahata ehtiyacı var. Proseslərə isə BMT Təhlükəsizlik Şurasından başlanılmalıdır. Beynəlxalq hüquq dünyadakı problemləri həll etmək mexanizmlərinə malik deyil. Bunun ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının Qarabağda və digər bölgələrdə ədaləti təmin edə bilməməsidir.
O əlavə edib ki, Azərbaycan ilə Türkiyə Qərbdə və Şərqdə qardaş, müttəfiq ölkələr kimi açar rola malikdir. Ona görə də Orta Dəhliz dünya iqtisadiyyatı üçün həyatı əhəmiyyətə malikdir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Birinci Qarabağ müharibəsində Azərbaycanın torpaqlarını itirməsinin əsas səbəbləri ölkəmizdə sabitliyin olmaması, iqtisadiyyatın çökməsi və geosiyasi məsələlərlə bağlı idi. O bildirib ki, Ermənistan Azərbaycan üçün təhdid deyil. Amma Qərbin təbliğat maşını Ermənistanı yenidən qızışdırır.
BMTM-nin rəhbəri Ermənistanın qanunlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu vurğulayıb. Deyib ki, Ermənistanın xarici işlər naziri və digər rəsmiləri hələ də “Dağlıq Qarabağ” ifadəsi istifadə edir, ittihamlar səsləndirirlər.
Jurnalist Sevil Nuriyeva Türkiyənin Afrikadakı fəaliyyətinin gələcəyimiz üçün bir investisiya olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycanın və Türkiyənin Mərkəzi Asiyada ilə bağlı fəaliyyətləri Türk dünyasının birliyini yenidən gündəmə gətirdi, həmin dövlətləri fəallaşdırdı. Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, Türk dünyasının birliyi vacib əhəmiyyətə malikdir.
Jurnalist, həmçinin bildirib ki, Qərb “parçala və hökm sür” siyasətini indi də davam etdirir. Ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Türk dünyasının birliyi və güclənməsi çox önəmlidir.
Təhlükəsizlik siyasəti üzrə mütəxəssis Abdullah Ağar qeyd edib ki, İkinci Qarabağ müharibəsi insanlıq və gələcək üçün çox dəyərli, eyni zamanda, çətin bir savaş idi. Qırx dörd günlük savaş və antiterror tədbirləri tarixi proseslərin ilk addımları idi.
"Zəngəzur dəhlizinin açılması təkcə Türk dünyasını birləşdirmək baxımından yox, insanlıq üçün də önəmlidir. Bu gün dünya böyük bir xaosa doğru gedir. Ona görə də siyasi və iqtisadi həll yolları tapılmalıdır”, - deyə Abdullah Ağar deyib.