IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 14-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Mozambik İnformasiya Agentliyi (AIM) arasında əməkdaşlıq və xəbər mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.
×

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və AIM-in Baş direktoru Orlando Voabil Qambeta imzalayıblar.
Memorandumun məqsədi xəbər mübadiləsi sahəsində əməkdaşlıq üçün hüquqi çərçivənin yaradılması, tərəflər arasında qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi və informasiya sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Sənədə əsasən, tərəflər mövcud texnoloji imkanlardan istifadə etməklə ingilis dilində xəbərlərin, foto və videomaterialların ödənişsiz mübadiləsini həyata keçirəcəklər.
Memorandum çərçivəsində tərəflər jurnalistlər, redaktorlar və texniki mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili, təlimlərin, səfərlərin və mübadilə proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
Sənəddə, həmçinin saxta xəbərlərin və dezinformasiyanın yayılmasına qarşı birgə fəaliyyət, süni intellekt də daxil olmaqla, yeni media texnologiyaları sahəsində təcrübə mübadiləsi, qarşılıqlı informasiya dəstəyi və birgə media layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.