Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.
×
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko çıxış edərək Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin son otuz ildə möhkəmləndiyini və nüfuzlu tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
“Dövrümüzün ən ciddi problemlərindən olan iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycan ilə Avropa İttifaqının eyni mövqeni sərgiləməsi sevindirici haldır. Təmiz enerji, mobillik və su resurslarına çıxışın təşviqi həm uşaqlara qarşı mənəvi məsuliyyət, həm də iqtisadi imkan kimi qəbul edilir. Azərbaycanın 2024-cü ildə COP29-a uğurlu ev sahibliyi isə ölkənin bu sahədəki nüfuzlu mövqeyini bir daha təsdiqləyib”, - deyə Peter Mixalko vurğulayıb.
Azərbaycan Hökuməti adından çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizin enerji sektorunda etibarlı tərəfdaş və pan-Avropa qaz tədarükçüsü olduğunu qeyd edib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq, xüsusilə enerji və kommunikasiya sahələrində ölkəmiz üçün prioritetdir. Müvafiq istiqamətlər üzrə tədbirlərin davamı olaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da ölkədə iqtisadiyyatın dayanıqlığının daha da gücləndirilməsini nəzərdə tutur.
“Prezident İlham Əliyevin Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbulu zamanı vurğuladığı kimi, Azərbaycan qaz təchizatının coğrafi miqyası baxımından Avropaya qaz tədarük edən əsas ölkələrdəndir. Hazırda Azərbaycan təbii qazını 12 ölkəyə ixrac edir. Onlardan 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Bu isə önəmli göstəricidir”, - deyə A.Axundov əlavə edib.