Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
×
Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ - “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda daxil edilib.
Komitə sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrini birlikdə müzakirəyə təqdim edib. Bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək. DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri isə 8 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 807 milyon manat və ya 10,5 faiz çoxdur.
DSMF-nin ehtiyatından 2026-cı ilin xərclərinə yönəldilən vəsait 159 milyon 970 min manat təşkil edəcək. Fondun gəlirlərinin 6 milyard 591 milyon manatının, yaxud 79,2 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68 faizi qeyri-büdcə sektorunun, 32 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6 faizi və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi gözlənilir.