Oktyabrın 22-də Sosial Tədqiqatlar Mərkəzinin (STM), AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusuna həsr olunan dəyirmi masa keçirilib.
×
Oktyabrın 22-də Sosial Tədqiqatlar Mərkəzinin (STM), AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusuna həsr olunan dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “COP29: Qlobal iqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri” mövzusunda çıxış edib.
O qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın COP29 sədrliyini cəsarətlə qəbul etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bu gün ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiət münasibətlərinin elmi-praktiki problemlərini tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub. Bildirib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib.