×
İyunun 13-də “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində yeni yaradılmış “Füzuli Könüllüləri” qrupu ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən görüşdə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin aparıcı məsləhətçisi Ümid İsazadə və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov iştirak ediblər.
Görüş zamanı “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində həyata keçirilən və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan fəaliyyətlər haqqında fikir mübadiləsi aparılıb, könüllülərin təklifləri dinlənilib və sualları cavablandırılıb. Həmçinin könüllülərə bilik və bacarıqlarının artırılmasına, işğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyətin həyata keçirilməsinə dair tövsiyələr verilib, uğurlar arzulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə gənc nəslin, xüsusilə də kökü bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramı çərçivəsində 2024-cü il martın 14-də “Füzuli Könüllüləri” qrupuna qəbula start verilib və proqramda təmsil olunmaq üçün 150-dən çox müraciət daxil olub. Müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçiblər. Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçirilib. Təlim və imtahan mərhələlərini müvəffəqiyyətlə başa vuran 25 gənc Füzulidə könüllü olaraq fəaliyyətə başlayıb. Könüllülərin işğaldan azad olunmuş Füzuli şəhərinə ilk səfəri təşkil edilib və şəhərdə Füzuli könüllülərinin təqdimatı keçirilib. Könüllülər yenidən qurulan, həyatın canlandığı Füzuli şəhərinin ərazisini gəzərək aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Həmçinin könüllülər şəhərdə məskunlaşan uşaq, yeniyetmə və gənclərlə görüşüb, öz təəssüratlarını onlarla bölüşüblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə vermək məqsədilə formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri” və “Füzuli Könüllüləri” qrupları fəaliyyət göstərir. Sözügedən qruplar üzrə fəaliyyət göstərən könüllülər müvafiq ərazilərdə müxtəlif tədbirlərə cəlb olunurlar. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması nəzərdə tutulub.
“Füzuli Könüllüləri” qrupunun üzvü Fidan Quluzadə AZƏRTAC-a müsahibəsində öz fəaliyyəti və təəssüratları barədə danışıb: “Bu günə qədər könüllü şəkildə etdiyim hər bir iş mənim üçün çox dəyərlidir. Hazırda tələbəyəm. Bizim könüllülük fəaliyyətimiz öz doğma torpaqlarımıza olan sevgimizin, bağlılığımızın göstəricisidir. Mən inanıram ki, ümumiyyətlə, könüllü gənclərin bu cür motivasiyası ölkəmizin inkişafına böyük töhfələr verir və gələcəkdə də verəcək. Füzuli rayonuna ilk səfərim və oradakı təəssüratım çox önəmlidir. Dağıntılar arasında yenidənqurma prosesinin başlaması və həmin yerlərə həyatın qaytarılması çox gözəl bir hadisədir. Təhsilim bitdikdən sonra doğma torpaqlara qayıtmaq və orada fəaliyyət göstərmək mənim ümdə arzularımdandır. Mənim atam hərbçi, anam isə müəllimdir. Onların üzərimdə böyük əməyi var. Məhz buna görə mənim bu yolda böyük uğurlarım var”.