×
Oktyabrın 6-dan 9-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərə, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması” mövzusuna həsr olunmuş təlim keçirilir.
AZƏRTAC xəbər verir ki, təlim Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır.
Nazirliyin nümayəndəsi, uşaq inkişafı üzrə mütəxəssis Mərvə Bayraq bildirib ki, əlilliyi olan şəxslərin gündəlik həyatda qarşılaşdıqları çətinliklərə yalnız fərdi xüsusiyyətlər deyil, ətraf mühit və mövcud şərait də təsir göstərir. “Ətraf mühitə diqqət yetirmək, əlilliyi olan şəxsin əlilliklə bağlı yaşadığı problemləri azaltmaq üçün mövcud şəraiti düzgün ayırd edə bilmək çox vacibdir”, – deyə Mərvə Bayraq qeyd edib.
O, ayrı-seçkilik anlayışına da diqqət çəkərək deyib: “Əlillik səbəbindən hüquq və azadlıqlardan bərabər şəkildə yararlanmaq imkanının məhdudlaşdırılması ayrı-seçkilik hesab olunur”.
Mütəxəssis müstəqil həyat prinsipinin əlilliyi olan şəxslərin öz seçimləri doğrultusunda həyatlarını davam etdirməsi və müstəqil yaşamaq bacarıqlarının artırılması məqsədi daşıdığını bildirib. “Bizim məqsədimiz və hədəfimiz əlilliyi olan şəxsin öz seçimləri istiqamətində həyatını davam etdirməsi və müstəqil yaşamaq bacarıqlarının artırılmasıdır. Lakin bu, dəstək xidmətlərinin tamamilə aradan qaldırılması anlamına gəlmir. Əsas məsələ fərdin müstəqil həyatını davam etdirərkən ehtiyac duyduğu dəstək xidmətlərindən yararlanmasıdır”, – deyə Mərvə Bayraq vurğulayıb.
Qeyd edək ki, təlimdə Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi - TƏBİB tərəfindən müvafiq sahələr üzrə mütəxəssislər iştirak edirlər.
Təlimin əsas məqsədi əlilliyi olan şəxslərlə, habelə sağlamlıq imkanları məhdud uşaqlarla çalışan mütəxəssislərin peşə bilik və praktiki bacarıqlarının artırılması, müasir yanaşmaların mənimsənilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.