Yaponiya parlamenti Şinzo Abenin hökumət başçısı vəzifəsindən istefa verməsindən sonra yeni Baş Naziri sentyabrın 17-də təsdiq etməyə hazırlaşır.
×
Yaponiya parlamenti Şinzo Abenin hökumət başçısı vəzifəsindən istefa verməsindən sonra yeni Baş Naziri sentyabrın 17-də təsdiq etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, hazırda hakim Liberal Demokratik Partiya (LDP) həm də hökumətə başçılıq edəcək yeni liderin seçkilərinin tarixini dəqiqləşdirmək üçün razılaşmalar aparır. LDP-nin yeni liderinin seçkilərinin sentyabrın 15-nə planlaşdırıldığı qeyd edilir. Seçkilərin nəticələri də həmin gün elan olunacaq.
LDP Nizamnaməsinə əsasən, partiyanın yeni sədri gələn il sentyabrın sonlarında keçiriləcək növbəti seçkilərədək həmin vəzifədə qalacaq. LDP-nin həmin vaxt seçiləcək yeni sədri növbəti üç il ərzində partiyaya rəhbərlik edəcək.
Xatırladaq ki, avqustun 28-də Baş Nazir Şinzo Abe səhhətində yaranmış problemlərlə əlaqədar tutduğu vəzifədən istefa verib. Həmin gün hakim LDP-nin və onun koalisiya tərəfdaşı olan Komeyto Partiyasının rəhbərliyi ilə görüşən Ş.Abe onu müvəqqəti əvəz edəcək və Baş Nazirin səlahiyyətlərini yerinə yetirəcək başqa şəxsi təyin etməyəcəyini, LDP-nin yeni lideri seçilənədək vəzifələrini icra edəcəyini bildirib.
Qeyd edək ki, Ş.Abe 2012-ci ilin dekabrından LDP-nin sədri və Baş Nazir vəzifələrini tutur. O, ilk dəfə hökumətə 2006-cı ilin sentyabrından 2007-ci ilin sentyabrınadək başçılıq edib. Avqustun sonlarında Ş.Abe Yaponiya tarixində ən uzun müddət fasiləsiz işləmiş Baş Nazir olub. Yaponiya qanunvericiliyinə görə, ümumi seçkilərdə qalib gəlmiş partiyanın sədri parlamentdə səsvermədən sonra Baş Nazir seçilir.
Əlavə olaraq bildirək ki, LDP-nin yeni lideri olmaq üçün bu partiyanın siyasi şurasının sədri, sabiq Xarici İşlər naziri Fumio Kişida, keçmiş Müdafiə naziri Şiqeru İşiba, İnzibati İşlər üzrə sabiq nazir xanım Seyko Noda, həmçinin Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa namizədliklərini irəli sürüblər.
Hakim partiyanın sədri vəzifəsinə real namizədlər arasında Müdafiə naziri Taro Kononun və Xarici İşlər naziri Toşimitsu Moteqinin də adları çəkilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio