2020-ci ilin səkkiz ayı ərzində Vyetnama cəmi 3,8 milyon xarici turist səfər edib. 2019-cu ilin analoji dövründə isə ölkəyə 11,3 milyon turist gəlmişdi.
×
2020-ci ilin səkkiz ayı ərzində Vyetnama cəmi 3,8 milyon xarici turist səfər edib. 2019-cu ilin analoji dövründə isə ölkəyə 11,3 milyon turist gəlmişdi. Beləliklə Vyetnam koronavirus pandemiyası səbəbindən azı 7 milyon turist itirib.
AZƏRTAC VNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Milli Statistika Bürosu tərəfindən yayımlanıb.
Ölkə hökumətinin sərhədləri bağladığı martın 22-dək Vyetnama 3,05 milyon insan gəlib. Avqust ayında bəzi məhdudiyyət tədbirləri aradan qaldırıldıqdan sonra ölkəyə səfər edən turistlərin sayı 163 min nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 99 faiz azdır.
Hakimiyyət COVID-19 pandemiyası səbəbindən zərər görən turizm sahəsinə yardımlar göstərir. Ölkəyə daxil olan hər kəs üçün tətbiq olunan 14 günlük məcburi izolyasiya şəraitində alternativ karantin mərkəzləri kimi fəaliyyət göstərən otellərə elektrik enerjisinə görə 20 faizlik güzəşt edilib. Eyni zamanda, beynəlxalq turizm sektorunda fəaliyyət üçün dövlət lisenziyasının qiyməti iki dəfə azaldılıb.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyənləşdiriblər və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.