Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino hazırda ölkəmizdə səfərdədir və bu gün də Dövlət Miqrasiya Xidmətində görüş keçirilib.
×
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino hazırda ölkəmizdə səfərdədir və bu gün də Dövlət Miqrasiya Xidmətində görüş keçirilib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Ən əsas məsələ xüsusilə qeyd etmək istərdim bu, Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında ölkəmizdə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanması olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, artıq iki ildir bu layihə Dövlət Miqrasiya Xidməti ilə BMqT-nin Azərbaycan nümayəndəliyi arasında icra edilir və layihənin məqsədi ölkəmizdə regionun maraqlarına xidmət edən miqrasiya üzrə ixtisaslaşmış, yerli ehtiyaclara uyğunlaşdırılmış, lakin beynəlxalq kurikulum əsasında təlim-tədris keçən miqrasiya sahəsi üzrə mütəxəssislərin hazırlanmasıdır. Belə təlim mərkəzinin artıq mövzuları müəyyənləşib. Mövzular üzrə proqramlar, beynəlxalq təlimçilər müəyyənləşib və artıq iki il ərzində bu layihəyə maraq göstərən 10 dövlətdən olan 200-ə yaxın şəxsin iştirakı ilə bu təlimlər keçirilir. Bu gün bu layihənin hüquqi müstəvidə zəmin yaranması üçün ilkin addım atılıb.
Miqrasiya üzrə Regional Təlim Mərkəzində artıq təlimlər həyata keçirilir. Azərbaycanda bu təlim mərkəzinin hədəf kateqoriyası, Dövlət Miqrasiya Xidmətində və həmkar qurumlarda fəaliyyət göstərən bu sahəyə cəlb olunan şəxslər, mütəxəssislər, həmçinin vətəndaş cəmiyyəti sahəsində ictimai təşkilatlarda gənclər arasında bu sahəyə maraq göstərən şəxslərin ixtisaslaşmış biliklər verilməsi məqsədi daşıyır. Bu təlim mərkəzi gələcəkdə həm uğurlu təlim-tədris mərkəzi olacaq, eyni zamanda beynəlxalq əməkdaşlığı təşviq edən səmərəli platforma olacaq.