Bu gün Azərbaycan xalqı 30 il bundan əvvəl baş vermiş qanlı hadisəni - Xocalı soyqırımını anır. Bu soyqırımı təkcə Azərbaycan vətəndaşlarının fiziki məhvinə deyil, eyni zamanda, bütövlükdə insanlıq əleyhinə yönəlmiş ən böyük bəşəri cinayətlərdən biridir.
×
Bu gün Azərbaycan xalqı 30 il bundan əvvəl baş vermiş qanlı hadisəni - Xocalı soyqırımını anır. Bu soyqırımı təkcə Azərbaycan vətəndaşlarının fiziki məhvinə deyil, eyni zamanda, bütövlükdə insanlıq əleyhinə yönəlmiş ən böyük bəşəri cinayətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
Beynəlxalq təşkilatların, dünyada sülhün təmin olunmasını istəyən ölkələrin qətiyyətli mövqe nümayiş etdirməli olduqlarını bildirən Vüqar Rəhimzadə qeyd edib: “Artıq dünyanın bir çox ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Dövlətimiz bununla bağlı sistemli və davamlı işlər aparır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətlərini, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördüyü işləri yüksək qiymətləndirirəm. Düşünürəm ki, dünya artıq reallığı dərk etməyə başlayıb. Hər birimiz vətəndaş olaraq bununla bağlı mövqeyimizi bütün ölkələrə və beynəlxalq təşkilatlara çatdırmalıyıq”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Xocalı soyqırımını törətmiş cinayətkarlar cəzasız qalmamalı, bu cinayətkarların beynəlxalq hüquq müstəvisində cəzalandırılması tələb olunmalıdır. O bildirib ki, hər bir vətəndaş bu işin davamlı şəkildə həyata keçirilməsini əldə etmək üçün dövlətimizə dəstək göstərməlidir.
“Şübhəsiz ki, Xocalı soyqırımını törədənlərin hər biri öz cəzasını alacaq. Bununla bağlı lazımi tədbirlər görülür. Artıq 30 il əvvəlki dönəm deyil. Azərbaycan qüdrətli ölkədir. Ölkəmiz dünya birliyində öz layiqli yerini tutmaqdadır və Azərbaycanın haqq səsi artıq eşidilməkdədir”,- deyə Vüqar Rəhimzadə əlavə edib.