×
Fevralın 26-da Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla anıb, abidənin önünə gül dəstələri düzüblər. Daha sonra Konstitusiya Məhkəməsində təşkil olunan anım tədbirinin açılışında faciə zamanı həlak olmuş mülki şəxslərin, eləcə də Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konstitusiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, sədr Fərhad Abdullayev bildirib ki, Azərbaycan xalqı XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüzn və ehtiram hissi ilə anır. 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş bu kütləvi qırğın yalnız milli tariximizin deyil, bütövlükdə bəşəriyyətin yaddaşında ağır beynəlxalq cinayət kimi qalmaqdadır. Xocalı şəhərində həyata keçirilmiş bu məqsədli və sistemli zorakılıq aktı nəticəsində 600-dən artıq dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirilib, yüzlərlə insan ağır yaralanıb, əsir və girov götürülüb. Faciə zamanı insanlara qarşı xüsusi qəddarlıq nümayiş etdirilərək, beynəlxalq humanitar hüququn fundamental prinsipləri kobud şəkildə pozulub.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən müvafiq qərar qəbul edilərək Xocalı hadisələrinə soyqırımı aktı kimi dövlət səviyyəsində ilk dəfə siyasi və hüquqi qiymət verilib. Ulu Öndərin bu mövqeyi Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl dövlət siyasətinin əsasını təşkil edib.
Tədbirdə, həmçinin qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, bu cinayətin törədilməsində məsuliyyət daşıyan şəxslərin ifşa olunması, tarixi ədalətin bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilib. Dövlətimiz tərəfindən aparılan xarici siyasət nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar, həmçinin Amerika Birləşmiş Ştatlarının bir çox ştatları Xocalı hadisələrini soyqırımı kimi tanıyır.
Eyni zamanda nəzərə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələr Xocalı həqiqətlərinin beynəlxalq informasiya məkanında geniş yayılmasına və soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasına xidmət edir.
Bildirilib ki, bu soyqırımı aktı 1949-cu il Cenevrə Konvensiyalarının, eləcə də “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın əsas müddəalarına zidd olmaqla, insan hüquqlarının və əsas azadlıqların kütləvi şəkildə pozulmasının bariz nümunəsidir. Xocalı hadisələri etnik mənsubiyyətə görə insanların məhv edilməsini hədəfləyən ağır beynəlxalq cinayət kimi qiymətləndirilir.