×
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 45 min 399 şəxsə reabilitasiya xidmətləri göstərilib. Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib. Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi və sosial-psixoloji xidmətlərlə təmin olunublar.
AZƏRTAC-ın müxbiri Bakı Reabilitasiya Mərkəzində müalicə prosedura keçən Vətən müharibəsi iştirakçıları ilə görüşüb.
Bərdə rayonundan olan Fuad Cavadzadənin 32 yaşı var. Müddətdən artıq hərbi qulluqçu kimi Milli Ordu sıralarında həmlə bölüyündə xidmət edib. 2020-ci ilin payızında Vətən müharibəsinin ilk günlərindən döyüşlərin iştirakçısı olan Fuad deyib: “Oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə yanıma düşən minomyot mərmisi nəticəsində sol qolumdan yaralandım. Türkiyədə, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda, Buzovnadakı Reabilitasiya müəssisəsində müalicələr almışam. Üçüncü dəfədir ki, Bakı Reabilitasiya Mərkəzində bərpa proseduru keçirəm. Bir həftədən artıqdır ki, müalicələrə cəlb olunmuşam. Aldığım masaj prosedurları çox səmərəli təsir göstərir, həmçinin elektroterapiya qəbul edirəm. Əmək terapiyası ilə əlaqədar məşğələlər də faydalı təsir göstərir”.
“On altı ildən artıq Milli Ordu sıralarında çavuş kimi manqa komandiri vəzifəsində çalışmışam. Sentyabrın 29-da Kəlbəcərdə Gülüstan istiqamətində minaya düşmüşəm. Həmin döyüşdən sonra Mingəçevir şəhərində bir ayağım amputasiya olunub, sağ ayağımda isə çoxlu qəlpələr var. Artıq 12 dəfədir ki, Bakı Reabilitasiya Mərkəzinə üz tuturam. Ən müasir protezlə təmin olunmuşam və protez orqanizmin funksiyalarının çox böyük hissəsini əvəz edə bilir, vaxtaşırı mərkəzə gəlib müalicə prosedurlarını davam etdirirəm, müalicələrin gedişindən razıyam”, - deyə Tərtər rayonunun Cəmilli kəndindən olan Cəsarət Haqverdiyev deyib.
Vüsal Hüseynovun 27 yaşı var, 2020-ci il sentyabrın 27-də könüllü olaraq müharibəyə gedib. Murov yüksəkliyi uğrunda və Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısıdır. Oktyabrın 25-də Seyidəhmədli kəndində sağ qolundan, ayaqlarından və qarın boşluğundan qəlpə yarası alıb. “Vətən müharibəsinin iştirakçısı”, “Hərbi xidmətlərə görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb. “Mərdəkanda və Buzovnada 1 ay, “YAŞAT” Fondunun təşəbbüsü və vəsaiti ilə “Medera” hospitalda 75 gün müalicə olmuşam. Bakı Reabilitasiya Mərkəzində isə birinci dəfədir ki, müalicə alıram, prosedurların gedişindən razıyam”, - deyib.
Milli Ordunun leytenantı Qurbanəli İsmayılov sentyabrın 29-da Kəlbəcərdə Murovdağ yüksəkliyi uğrunda döyüşlərdə artilleriya atəşi nəticəsində yaralanıb. Çənə nahiyəsindən, sağ kürək nahiyəsi və qabırğalarından, bud nahiyəsindən çoxlu qəlpə yaraları alıb, 3-cü dərəcəli Vətən müharibəsi əlilidir. O, “Vətən müharibəsinin iştirakçısı”, “Hərbi xidmətlərə görə”, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Qurbanəli deyib: “Əvvəllər Şəki Ambulatoriya Mərkəzində və Mərdəkan Reabilitasiya Mərkəzində müalicə almışam. 4 gündür Bakı Reabilitasiya Mərkəzində dərman müalicələri ilə yanaşı elektroterapiya, parafin müalicəsi alıram, bədən tərbiyəsi ilə əlaqədar məşğələlər keçirəm. Həkim və tibb işçilərinin hərtərəfli qayğısı ilə əhatə olunmuşam və onların səyi ilə sağlamlığıma qovuşacağıma inanıram”