×
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Birinci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi keçirilir.
AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək konqresdə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin sədr müavini Ramin Bayramlı son dövrlər ölkənin səhiyyəsində aparılan islahatların laboratoriya sahəsinə də müsbət təsir etdiyini deyib: “İctimai Birlik tərəfindən laboratoriya sahəsinin inkişafı və bölgələrdə çalışan tibb işçilərinin elm və bacarıqlarının artırılması məqsədilə çox saylı təlimlər keçirilib. Birinci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresində laboratoriya elminin bütün sahələrinə toxunulacaq və həmin sahənin inkişafına vacib töhfələr veriləcək. Hazırda 600-dən çox iştirakçı qeydiyyatdan keçib. Konqresə Türkiyə, Rusiya və digər dövlətlərdən xarici məruzəçilər dəvət olunub. Buradakı iştirakçıların öyrəndikləri nəzəri və praktiki biliklər onların gələcək fəaliyyəti üçün olduqca vacibdir.
Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova agentliyin tərkibində fəaliyyət göstərən tibb müəssisələrindəki laboratoriyaların inkişaf etdirildiyini vurğulayıb. Qeyd edib ki, laboratoriya nəticələrinin düzgünlüyü və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslarının artırılması sahənin inkişafı baxımından mütləqdir.
TƏBİB icraçı direktoru Vüqar Qurbanov öz çıxışında laborator analizlərə həsr olunan genişmiqyaslı tədbirin keçirilməsindən məmnunluğunu bildirib: “Bu gün müxtəlif xəstəliklərin təsdiq olunmasında, klinik diaqnozun qoyulmasında laboratoriyaların əhəmiyyəti çox böyükdür. Dünya miqyasında da xəstəxanalara müraciət edənlərin təxminən 80 faizi laborator analizlər verirlər. Əksər hallarda diaqnozun 60-70 faizi laboratoriyanın nəticəsindən asılı olur. Xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər tibdə qərarların demək olar ki, önəmli hissəsi məhz laboratoriya tədqiqatları əsasında qəbul edilir. Laborator xidmətin inkişaf dərəcəsi tibb müəssisəsinin inkişafını və gücünü göstərir. Bu da bir daha laboratoriyaların klinik diaqnozda nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayır. Laborator testlərin düzgün götürülməsi, həkimlər tərəfindən doğru işlənilməsi, nümunələrin laboratoriyaya çatdırılması, analizatorlarda işlənilməsi və həkimlərə təqdim olunması kimi bir çox mərhələlərdən keçir. Bu mərhələlərin hər hansı birində edilən xətalar da çox ciddi problemlərə gətirib çıxara bilər. Odur ki, laborator analizlərin doğru-düzgün təyin olunması daim nəzarətdə saxlanılmalı və həkimlər üçün mütəmadi təlimlər keçirilməli, tövsiyələr hazırlanmalıdır. Eyni zamanda, laboratoriyalar dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunmalıdır. TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb. Layihə çərçivəsində Respublika Kliniki Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Abşeron, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayon mərkəzi xəstəxanaları, Gəncə Şəhər Birləşmiş Xəstəxanası və digər tibb müəssisələrində tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub”.
Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycanın səhiyyə sahəsinin inkişafına çox böyük önəm verirdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə səhiyyənin bütün sahələri üzrə yüksək səviyyəli milli kadrlar yetişib. M.Quliyev konqresi keçirənlərə təşəkkürünü bildirib, konqresin işinə uğurlar arzu edib. O, qeyd edib ki, konqresdə peşəkar mütəxəssislər öz elmi bilik və təcrübələrini paylaşmağı bu sahədə inkişafı müsbət təsir edəcək.
Konfrans elmi hissə ilə davam edir. Mayın 3-dən 5-dək yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən tədqimatlarla çıxış edəcək, mövzular ətrafında müzakirələr aparılacaq.