Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkilatçılığı ilə 17 May - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar Dənizkənarı Milli Park ərazisində aksiya keçirilib.
×

AZƏRTAC xəbər verir ki, maarifləndirici tədbirdə həmin xəstəliyin bütün dünyada qeyri-infeksion xəstəliklər sırasında liderlik mövqeyini qorumaqda olduğu diqqətə çatdırılıb.
Aksiyanın əsas məqsədi insanların öz sağlamlıqlarına diqqətini yönəltmək, xəstəliklə mübarizə aparılması üçün əhalini maarifləndirərək arterial təzyiqi nəzarətdə saxlamağa, sağlam həyat tərzi aparmağa sövq etməkdir. Arterial hipertenziya ilə yanaşı, artıq çəki və piylənmənin profilaktikası, diaqnostika və müalicəsinə dair maarifləndirici işlər aparılıb.
Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Həmçinin mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərinin yaranma səbəbləri barədə məlumat verilib. Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.