Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçirilib.
×
Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov TDT çərçivəsində sənaye, elm, texnologiya və innovasiya sahələrini əhatə edən yeni platformanın üzv ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, TDT-nin bu ilin oktyabrın əvvəlində Azərbaycanda keçirilmiş XII Zirvə Toplantısında qəbul edilmiş Qəbələ Bəyannaməsində də süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi məsələləri əksini tapıb. Sənayenin rəqəmsal transformasiyası, innovasiya ekosisteminin, insan kapitalının inkişafı və sahibkarlığın dəstəklənməsi üzrə birgə təşəbbüslərin həyata keçirilməsi üzv ölkələrdə iqtisadi artımın sürətləndirilməsinə və regional inteqrasiyanın möhkəmləndirilməsinə xidmət edir.
İclasda əqli mülkiyyətin elm, sənaye və innovasiyanın inkişafında təməl rol oynadığı vurğulanıb, Ümumtürk Patent Təşkilatının (CTPO) yaradılması təşəbbüsünün bu sahədə işbirliyini gücləndirəcəyi qeyd edilib. Həmçinin Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması təşəbbüsünün elm, sənaye, texnologiya sahələrinin inkişafı baxımından strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, TÜRKMET-in təsis edilməsi regional iqtisadi tərəfdaşlığın dərinləşməsinə, elmi-tədqiqat və innovasiya potensialının gücləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, Bişkekdə imzalanmış Türk Dövlətləri Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) rəqəmsal iqtisadi əməkdaşlığın dərinləşməsində mühüm addım olduğu nəzərə çatdırılıb.
Tədbirdə Azərbaycanın startaplar sahəsində təşəbbüsləri barədə məlumat verilib və bu sahədə əməkdaşlıq imkanları qeyd olunub. Ölkələrimizin startap sahəsində birgə fəaliyyətini təşviq etmək, innovativ ideyaların reallaşdırılması və regiondaxili bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Türk Dövlətləri Startap və İnnovasiya Əməkdaşlıq Platformasının yaradılması təklif edilib.
İclasda özəl sektorun iqtisadi əməkdaşlıq formatlarına daha fəal cəlb olunmasının vacibliyi qeyd olunub. Bildirilib ki, biznes strukturları ideyaların, texnologiyaların və investisiyaların mənbəyi kimi iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməlidirlər. İstehsal müəssisələri, tədqiqat mərkəzləri və startap ekosistemləri bir araya gələrək regionda sənayenin dayanıqlı inkişafını və innovativ artımın əsasını gücləndirə bilər. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən iri sənaye şirkətlərinin iştirakı ilə texnologiya platformasının qurulması təklif olunub.