Sentyabrın 23-də Sümük İliyi Transplantasiyasının 10 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik konfrans keçirilib.
×
Sentyabrın 23-də Sümük İliyi Transplantasiyasının 10 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir k, tədbirdə Azərbaycanla yanaşı, Türkiyədən, Rusiya Federasiyasından, Qazaxıstandan və Belarusdan olan ümumilikdə 150-dən mütəxəssis iştirak edib. Tədbirin açılış mərasimində Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbər şəxsləri çıxış ediblər.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, sümük iliyinin köçürülməsi əsasən qan xəstəliklərinin müalicəsi üçün tətbiq olunan üsuldur.
"Sümük iliyinin köçürülməsi prosesi 70-dən artıq xəstəliyin müalicəsində istifadə olunur. 10 il ərzində ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Ölkəmizdə bu xəstələrin əksəriyyəti uşaqlar və yeniyetmələrdir. Sümük iliyinin köçürülməsi üçün ölkəmizdə zəruri maddi-texniki baza və kadr hazırlığı mövcuddur. 10 il ərzində ölkəmizdə 200-ə yaxın xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib. Bu müalicənin kontingenti əsasən talassemiyalı xəstələrdir. Müalicələrin nəticəsi də çox yaxşıdır", - deyə nazir müavini bildirib.
Səhiyyə nazirinin müavini bu sahədə problemlərin mövcud olduğunu da bildirib. O, əsas problemin donorun tapılmaması ilə bağlı olduğunu qeyd edərək əlavə edib:
"Dünya üzrə sümük iliyi geniş tətbiq olunan ölkələrdə 20 milyondan artıq donor haqqında məlumat var. İnsanlar arasında donor olmaq haqqında kampaniyaların aparılması vacibdir".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova çıxışında qeyd edib ki, 2023-cü ilin avqust ayından etibarən sümük iliyinin transplantasiyası dəyəri ən yüksək olan xidmət kimi 20 sayda limitlə xidmətlər zərfinə əlavə olunub. "Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə çalışan müalicə müəssisələrinin artırılması, kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi sahəsində bu say çoxaldılacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü ildə transplantasiya sahəsində dərman vasitələrinin alınması üçün 763 min manat dəyərində müqavilə bağlanıb. Burada allogen transplantasiyasına 70 min manat, autogen transplantasiyasına 31 min manat sərf olunub. İcbari tibbi sığorta ilə 2023-cü sentyabrından bu günə kimi 6 cərrahi əməliyyat keçirilib. Bunların 3-ü allogen, 3-ü isə autogen xəstələr olub. Bu məqsədlə 259 min manat vəsait Milli Hematologiya və Transfuziologiya mərkəzinə köçürülüb”, - deyə N. Veysova qeyd edib.
TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov qurumun tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da transplantalogiya şöbələrinin yaradıldığını və onların bəzilərinin fəaliyyəti üçün icazələr alındığını qeyd edib. "Hesab edirəm ki, Yeni Klinikada sümük iliyinin transplantasiyası şöbəsi 2025-ci ildə istifadəyə veriləcək. Ölkədə bu gün qan xəstəlikləri ilə bağlı dörd dövlət proqramı fəaliyyət göstərir. Həmin dövlət proqramları çərçivəsində ölkədə ən müasir protokollara uyğun dərman preparatları ilə müalicələr edilir. Qan xəstəlikləri ilə mübarizədə radikal müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Artıq Talassemiya Mərkəzində 200-ə yaxın əməliyyat icra olunub və nəticələri də çox uğurludur. Biz də TƏBİB olaraq bu sahənin inkişafına daim hazırıq”, - deyə icraçı direktorun müavini vurğulayıb.