Saat 05:50. Sərhəd zastavasında "Bölük, qalx!" komandası səslənir. Günün ilk saatlarından başlayan yüksək hazırlıq prosesi əsgərlərin fiziki gücünü, çevikliyini və dözümlülüyünü artırmağa yönəlmiş səhər idmanı ilə davam edir.
×
Saat 05:50. Sərhəd zastavasında "Bölük, qalx!" komandası səslənir. Günün ilk saatlarından başlayan yüksək hazırlıq prosesi əsgərlərin fiziki gücünü, çevikliyini və dözümlülüyünü artırmağa yönəlmiş səhər idmanı ilə davam edir. Şəxsi heyətin gündəlik qidalanması və sağlamlığı da diqqət mərkəzində tutulur.
Gün ərzində sərhədçilərin peşəkar hazırlığının əsasını sıra təlimləri və hərbi dərslər təşkil edir. Sərhəd xidmətinin spesifik xüsusiyyətlərinə uyğun olaraq, hərbi qulluqçulara xidməti itlər və atlar da yoldaşlıq edir. Atlar relyefcə mürəkkəb ərazilərdə çevik hərəkəti ilə, xüsusi təlim görmüş itlər isə sərhəd pozuntularını operativ aşkarlaması ilə seçilir.
Müasir texnologiyalarla təchiz olunmuş zastavalarda dövlət sərhədi fasiləsiz olaraq müşahidə kameraları vasitəsilə də nəzarətdə saxlanılır. Şərti sərhəd pozuntusu həyəcanı zamanı əsgərlərin operativ reaksiya vermək və hadisə yerinə anında müdaxilə etmək bacarıqları təlimlər vasitəsilə nəzarətdən keçirilir.
Zastavada xidmət günün istənilən saatında növbəli şəkildə davam etdirilir. Səhər 06:00-da başlayan əsas rejim saat 22:00-da "Yat" komandası ilə yekunlaşır. Yuxudan əvvəl ölkə gündəmindən məlumatlı olmaq üçün xəbər proqramlarını izləyən və gecə yoxlanışından keçən sərhədçilər növbəti xidmət gününə hazırlaşırlar.
Dövlət Sərhəd Xidmətinin kapitanı Adəm Musayev vurğulayır ki, sərhədçi olmaq hər an yüksək hazırlıq və məsuliyyət tələb edir: “DSX-də xidmət böyük məsuliyyət və yüksək intizam tələb edir. Sərhədçi hər an ayıq-sayıq olmalıdır. Bizim əsas vəzifəmiz dövlət sərhədinin toxunulmazlığını təmin etmək, Vətənimizin sərhədlərini etibarlı şəkildə qorumaqdır. Bu xidmət bizim üçün sadəcə vəzifə deyil, Vətən qarşısında şərəfli borcdur”.
Bəli, sərhəd mühafizəsi yalnız bir vəzifə deyil, Vətən qarşısında şərəfli borcdur. Yüksək intizam və vətənpərvərlik ruhu ilə xidmət edən Azərbaycan əsgəri ölkəmizin sərhədlərini etibarlı şəkildə qorumağa davam edir.
AZƏRTAC Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü münasibətilə Azərbaycan sərhədçilərinin gündəlik xidmət rejimi, nizam-intizamı və döyüş hazırlığı ilə bağlı hazırladığı foto və videoreportajı təqdim edir.