×
Bu gün Sea Breeze-də Landau məktəbinin yanında, kompleksin yeni girişində yerləşən yeni satış ofisinin təntənəli açılışı keçirilib. Yeni ofis müştərilər, investorlar və rezidentlər üçün ölkənin ən iri sahilyanı layihəsinin inkişaf planlarını vizual şəkildə təqdim edəcək müasir məkan rolunu oynayacaq.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Sea Breeze-in təsisçisi Emin Ağalarov bildirib ki, yeni ofisin əsas elementini kompleksin birinci inkişaf fazasının unikal maketi təşkil edir.
Onun sözlərinə görə, Sea Breeze aktiv inkişaf mərhələsinə qədəm qoyub, belə ki, yeni yaşayış layihələri yaradılır, turizm və sosial infrastruktur inkişaf etdirilir, ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Yaxın illərdə burada beynəlxalq brendlərin otelləri, 50 min nəfərlik konsert arenası, eləcə də 323 metrdən yüksək simvolik memarlıq layihələri inşa ediləcək.
“10 il ərzində möhkəm təməl qoyduq və gələn yayadək işlər xüsusilə intensivləşəcək. Birinci fazamız “Köhnə şəhər” kimi “Köhnə Sea Breeze” adını aldı, gələcəkdə bu ərazi prestijli yaşayış zonası olacaq. Turizm hissəsi isə yollar, parkinqlər və əlavə xidmətlərlə zənginləşəcək ki, burada hamıya rahat olsun”, – deyə Emin Ağalarov bildirib.
O əlavə edib ki, Sea Breeze-in çimərliyinin uzunluğu təxminən 6 kilometrdir və yaxın zamanda dünya səviyyəli kurortlarla rəqabət apara biləcək: “Xüsusi qürur mənbəyimiz — simvolik layihəmiz “Caspian Dreamliner”dir. Əminəm ki, kompleksin simvoluna və Dubayın Burc-Xəlifəsi kimi məşhur görməli yerlərdən birinə çevriləcək. “Marina Village”i inkişaf etdiririk, burada mənzillər artıq aktiv istismara verilir və tezliklə yeni layihələrimiz olan “Marina faza 2” və “Montecarlo” istifadəyə veriləcək. Gələn il “Marina” akvatoriyasında daha çox yaxta olacaq. İdman həvəskarları üçün isə 130 metr uzunluğunda Avropanın ən böyük süni dalğası, ilboyu fəaliyyət göstərəcək sörf dalğası inşa olunur”.
Avropada ən böyük, dünyada isə beşinci ən böyük dünya səviyyəli kazino inşa edildiyini vurğulayan Emin Ağalarov əlavə edib: “Bu, qış turizminin inkişafına təkan verəcək və investisiya üçün yeni imkanlar yaradacaq. Bu il həmçinin müasir “Referans” klinikası açılacaq ki, rezidentlər və qonaqlar üçün infrastruktur tamamlanmış olacaq. Ekologiyaya böyük diqqət yetirilir. Hər il milyonlarla ağac və bitki əkirik ki, Sea Breeze regionun ən yaşıl şəhərinə çevrilsin. Bu payızdan etibarən bütün damlar Günəş panelləri ilə təchiz olunacaq, suyun emalı və təmizlənməsi həyata keçiriləcək, dənizdə isə külək generatorları qurulacaq.”