Sentyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
×
Sentyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Bahar Muradova Azərbaycan ilə Türkiyə arasında münasibətlərin son illər daha da inkişaf etdiyini bildirib.
Qazanılmış bütün uğurların təməlində Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin dayandığını qeyd edən komitə sədri deyib: “Biz bir millət, iki dövlət olaraq bir-birimizin sevincini və kədərini bölüşür, xoş və dar günlərdə bir-birimizin yanında oluruq. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və qardaşlıq bağlarına malik ölkə azdır. Dövlət başçılarının qardaşlıq münasibətləri də bu gün xalqlarımız arasındakı əlaqələri daha da gücləndirib. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Türkiyə və Azərbaycanın xarici siyasətlə bağlı apardığı birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır".
Komitə sədri Türkiyə nümayəndə heyətinə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, ərazilərimizin Ermənistan tərəfindən minalanması, hazırda orada aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər barədə də məlumat verib.
Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ridvan Duran Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki ölkənin bütün qurumlarının birgə aktiv fəaliyyətə başladığını bildirib. "Türkiyə bütün Tük dünyası, xüsusilə Azərbaycanla əlaqələrə böyük önəm verir. Dost dar gündə bəlli olar. Bu deyimdən irəli gələrək Azərbaycanın zəlzələ vaxtı bizə dəstək verməsi çox önəmli idi. Müvafiq qurumlarımız arasındakı əlaqələri daha da inkişaf etdirmək istəyirik”, - deyə o qeyd edib.
Ridvan Duran 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən bəhs edib, beynəlxalq qurumların azərbaycanlı məcburi köçkünlərlə bağlı fəaliyyətinin qənaətbəxş olmadığını söyləyib.
Söhbət zamanı, həmçinin ölkələrimiz arasında ailə, qadın, uşaq problemləri sahəsində əməkdaşlığın istiqamətləri və birgə layihələr, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.