Bəlkə də ilk dəfədir ki, yəhudi irsinə həsr olunmuş konfrans keçirilir. Çünki Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu istiqamətə çox böyük diqqət yetirir.
×
Bəlkə də ilk dəfədir ki, yəhudi irsinə həsr olunmuş konfrans keçirilir. Çünki Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu istiqamətə çox böyük diqqət yetirir. Buna qədər isə islamofobiya, xristianlıq irsi ilə bağlı da konfranslar keçirmişdik. Ona görə də növbəti konfransı yəhudi irsinə həsr etməli idik. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkandır". Elmi müstəvidə konfransın keçirilməsi də bundan ibarətdir və gələcək əməkdaşlığa da böyük töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov söyləyib.
O bildirib ki, Azərbaycan Dillər Universitetində (ADU) ivrit dili öyrədilir və Yəhudi Mərkəzi fəaliyyət göstərir: "Eyni zamanda, BBMM və ADU-nun dəstəyi ilə növbəti ildən İsraildə Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Belə ki, Azərbaycan dilinin öyrədilməsi qarşıda duran əsas məqsədlərdən biridir. Onlar ölkəmizdə sülh və əmin-amanlıq içində yaşayıblar. Burada heç vaxt antisemitizm olmayıb. Buna baxmayaraq, hazırda dünyada islamafobiya və antisemitizm halları artıb. Avropada, xüsusilə Fransanın, Skandinaviya ölkələrinin timsalında bu çox narahatedicidir. Quranın yandırılması, yəhudilərin təqib olunması onu göstərir ki, tarixdən dərs çıxartmaq lazımdır".