Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə dekabrın 13-də “Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu” mövzusunda konfrans keçirilib.
×
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə dekabrın 13-də “Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda ilahiyyatçı və dinşünas ekspertlər, qadın təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də digər aidiyyəti qurumların təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova konfransın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, dini radikalizmlə mübarizədə qadınların potensialının öyrənilməsi konfransın əsas mövzularından biridir.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova əsas məruzə ilə çıxış edərək dini radikalizm və sekulyarlıq ilə bağlı izahlar verib. Konfrans iştirakçılarını dini radikal qrupların əsas xüsusiyyətləri barədə məlumatlandıran E.Əzizova xurafatın yaranma səbəblərindən danışıb.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə elmləri doktoru, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Yeganə Mirzəyeva və AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə elmləri doktoru İradə Zərqanayevanın mövzu ətrafında çıxışları dinlənilib.
Konfransda, eyni zamanda, dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək verməyin, bu sahədə onları istiqamətləndirməyin önəmi barədə müzakirələr aparılıb