Sentyabrın 8-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutlarının rəqəmsallaşması və müasir texnologiyaların tətbiqinə həsr olunmuş “NGO Tech Talks” ekspertlərlə təcrübə mübadiləsi sessiyası keçirilib.
×
Sentyabrın 8-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutlarının rəqəmsallaşması və müasir texnologiyaların tətbiqinə həsr olunmuş “NGO Tech Talks” ekspertlərlə təcrübə mübadiləsi sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri, informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbirin moderatoru, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli açılış nitqində müasir dövrdə qeyri-hökumət təşkilatlarının fəaliyyətində innovativ həllərin, informasiya təhlükəsizliyinin və texnoloji alətlərin rolunun artdığını vurğulayıb. Bildirib ki, “NGO Tech Talks” tədbiri məhz QHT-lərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, uğurlu təcrübələrin bölüşülməsi məqsədilə keçirilir.
Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov “QHT-lər üçün praktiki kibertəhlükəsizlik qaydaları və kibertəhlükəsizlik yoxlama siyahısı (Cybersecurity checklist)” mövzusunda məruzə iləçıxış edib. O, gündəlik təşkilati fəaliyyətdə asanlıqla tətbiq edilə bilən sadə və effektiv həllərin vacibliyinə diqqət çəkərək, QHT-lərin üzləşdiyi əsas rəqəmsal risklərin real nümunələr əsasında təhlilni aparıb.
İnteraktiv formatda davam edən görüş iştirakçıların rəqəmsal alətlərdən istifadə, layihələrin idarə olunmasında texnoloji innovasiyaların rolu və kibermühafizə üzrə sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. QHT-lərin rəqəmsal bacarıqlarının artırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.