×
Noyabrın 6-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Qərbi Azərbaycana qayıdış” mövzusunda ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Konstitusiya quruluşunun müdafiəsi uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Toplantının moderatoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü, o cümlədən Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib. F.Məmmədov bildirib ki, AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycan QHT-ləri qarşısında da yeni çağırışlar və vəzifələr müəyyənləşdirir. “Postmünaqişə dövründə də Ermənistandakı bəzi qüvvələrin, erməni diasporunun Azərbaycan tarixini saxtalaşdırmaq cəhdlərini davam etdirməsi müşahidə olunur. Bu riyakarlıq bizdən daha ayıq-sayıq olmağı, arxayınlaşmamağı tələb edir. Azərbaycan QHT-ləri Qərbi Azərbaycan mövzusu istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Azərbaycanlıların indiki Ermənistana sülh şəraitində dinc yolla qayıdışı təməl insan hüquqları məsələsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Sirr deyil ki, Azərbaycan mədəniyyətinin coğrafiyası xeyli genişdir, lakin heç zaman azərbaycanlılar separatçılıqla məşğul olmayıblar, əksinə, yaşadıqları ölkələrin tərəqqisinə böyük töhfələr veriblər”, - deyə o əlavə edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərinin getdikcə yüksəldiyini açıqlayaraq deyib: “Əgər 2022-ci ildə bu istiqamət üzrə Agentlik xətti ilə 24 layihə maliyyələşdirilmişdisə, 2025-ci ildə belə layihələrin sayı 51-ə çatıb. Bu, rekord göstəricidir. 2023-2025-ci illərdə QHT-lər bu layihələr çərçivəsində 50-ə yaxın konfrans, təqdimat, görüş, sərgi və ictimai dinləmələr keçirib, 25 kitab buraxıb, 11 sənədli film ərsəyə gətirib, 21 videoçarx hazırlayıb. Son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet istiqamətdir. Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin milli toponimlərlə əlaqədar məsələnin üzərində xüsusi dayandığını vurğulayıb. O qeyd edib: “Bu yaxınlarda XVIII əsrdə yaşamış türkmanəsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq edilir. Toponimlər sırf azərbaycan dilindədir. Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”.
“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov son iki ildə Qərbi Azərbaycan istiqaməti üzrə 2 kartoqrafik əsər hazırladıqlarını vurğulayaraq bildirib: “Bu yaxınlarda Azərbaycan və ingilis dillərində buraxdığımız “Zəngəzur dəhlizi” xəritəsinə böyük tələbat hiss edirik. Bu xəritə Ermənistan mediasında da yayıldı. Milli toponimlərimiz bu əsərlərdə mütləq verilir, tarixi həqiqəti inkar etmək olmaz”.