İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüş keçirilib.
×
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş QHGT-nin mənzil-qərargahı və qərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilə tanışlıqla başlayıb. Qonağa təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin iqlim dəyişikliyi ilə bağlı həllərə töhfə verə biləcəyini qeyd edib.
Ardınca COP29-un baş danışıqçısı, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı Saymon Stil gənclərin iqlim dəyişikliyi ilə mübarizənin fəallaşmasında rolundan bəhs edib, gənclərin suallarını cavablandırıb. O həmçinin, QHGT-nin iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal rolunu yüksək qiymətləndirərək təşkilatın gənclərə dəstək olmaqla onların səsinə beynəlxalq platformalarda yer verməsinin vacibliyini qeyd edib.