×
Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd və Paşalı icmalarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Qərbi Azərbaycana doğru Vətən bizi səsləyir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl ADPU-da Filologiya fakültəsi tərəfindən hazırlanan “Zəfər guşəsi”nin açılışı olub. Qeyd edilib ki, guşə iki hissədən ibarətdir. İlk hissədə Pedaqoji Universitetin Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə və məzunlarının adları əks olunub. İkinci hissədə isə “Dəmir yumruq” ətrafında Şuşa qalasının işğaldan azad edilməsini əks etdirən möhtəşəm kompozisiya təqdim olunur.
Bildirilib ki, ADPU-nun adları məlum olan 29 tələbə və məzunu Birinci Qarabağ müharibəsində, 14 tələbə və məzunu Vətən müharibəsində, 1 məzunu isə 2022-ci ilin sentyabr döyüşlərində şəhid olub. Onlardan 3-ü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 3 nəfər isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Tədbir iştirakçıları Universitetin foyesində Qərbi Azərbaycan mədəniyyətini və folklorunu, eləcə də tarixi abidələrini əks etdirən kompozisiyalarla, kitab sərgisi ilə tanış olublar.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışında Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını xatırladan ADPU-nun rektoru professor Cəfər Cəfərov bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğulayıb.
Rektor qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli sərkərdəsi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu gün nəinki Qarabağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılmasına başlanılıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, 2022-ci il dekabrın 24-də İcmanın yeni inzibati binasındakı nitqində Prezident İlham Əliyev ziyalıların qarşısında Qərbi azərbaycanlıların öz tarixi Vətənlərinə qayıda bilməsi üçün Azərbaycan dövlətinin köməyinə arxalana biləcəyini bəyan edib. Dövlətimizin başçısının bəyanatı Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı “1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmandan irəli gələn vəzifələrin icrasına yönələn addımların davamı idi.
Diqqətə çatdırılıb ki, bu, XIX əsrin sonları - XX əsrin əvvəllərində bugünkü Ermənistandan - azərbaycanlıların minillik tarixi ərazilərindən zorla çıxarılması ilə başlayan və 100 ildən artıq davam edən prosesə qarşı hüquqi-siyasi mübarizənin başlanğıcı idi. Biz yüzminlərlə azərbaycanlının beynəlxalq konvensiyalarla təsbit olunan əzəli haqqına qovuşacağına inanırıq.
Daha sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı, Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, deputatlar Hikmət Babaoğlu, Musa Quliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı və digərləri mövzu barədə geniş məruzələr ediblər.
Onlar əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu tipli geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbir bədii hissə və Qərbi Azərbaycanla bağlı videoçarxın nümayiş olunması ilə yekunlaşıb.