1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının əzminin, iradəsinin, cəsarətinin zirehli texnikalara qalib gəldiyi, 70 il ərzində daşıdığı əsarət qandallarından xilas olduğu tarix kimi yadda qaldı.
×
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının əzminin, iradəsinin, cəsarətinin zirehli texnikalara qalib gəldiyi, 70 il ərzində daşıdığı əsarət qandallarından xilas olduğu tarix kimi yadda qaldı. Məhz o məşum şənbə gecəsi xalqımızı zülmətdən aydınlığa qovuşdurdu, toz basmış müstəqillik yolu tökülən qanlar hesabına yuyularaq üzə çıxdı. Əzmkar xalqımız şanlı tarixin qəhrəmanlarının miras qoyduğu azadlıq yolundan dönmədi, sarsılmayan iradəsi və həmrəyliyi hesabına bir müddətdən sonra müstəqilliyinə qovuşdu. Həmin şanlı və faciəvi gündən 32 il keçir. Qədirbilən xalqımız o gecənin qəhrəmanları və qurbanlarını hər il olduğu kimi bu il də dərin ehtiram, hüzn və minnətdarlıq hissi ilə yad edir. Kəskin hava şəraiti belə heç kimə öz azadlıq memarlarını yad etməyə, onların ruhuna dualar oxumağa və məzarları önündə bir daha minnətdarlıqlarını bildirməyə mane olmur.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi qazisi Zakir İmanov deyib.
Qazinin sözlərinə görə, Azərbaycan xalqı 32 il öncə həmrəyliyin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımızın birliyinin 44 günlük Vətən müharibəsində də böyük rol oynadığını bildirən Z.İmanov qeyd edib: "2020-ci il də tariximizə həmrəyliyimizin qalib gəldiyi il kimi həkk olundu. Ali Baş Komandanın çağırışı ilə ön cəbhəyə könüllü yollananların cəsarəti, böyükdən-kiçiyə ordumuza dəstək üçün əlindən gələn hər şeyi edən mülki vətəndaşlar, bir-biri üçün özünü təhlükəyə atan döyüşçülər, şəhidi, yaralını savaş meydanında qoymayan, çiynində daşıya-daşıya düşmənə göz dağı verən oğullar, dəmir yumruğa dönən xalq-iqtidar birliyi hesabına möhtəşəm Qələbə əldə etdik. Mən də döyüşə könüllü yollananlar sırasında idim. Uzun müddətdir hər kəsin gözlədiyi məqam idi. Öz gücümüzü, nəyə qadir olduğumuzu göstərməli idik və göstərdik də. Döyüşdə olarkən göydə Uca Yaradanın, yerdə isə xalqımızın daim yanımızda olduğunu hiss edirdik. Bu, bizə əlavə güc verirdi. Şükür Allaha ki, 30 illik torpaq həsrəti 44 gün ərzində sona yetdi. Təəssüf ki, müharibə itkisiz olmur. Şəhid olan döyüş yoldaşlarımız, silahdaşlarımız, o cümlədən qazilərimizin hesabına xalqımızı və dostlarımızı qürurlandıran, düşmənləri qorxuya salan tarixi Zəfər qazandıq. Təsadüfi deyil ki, hər Qələbə xəbərindən sonra xalqımız məhz Şəhidlər xiyabanına axışdı, burada uyuyan 20 Yanvar faciəsi, o cümlədən Birinci Qarabağ müharibəsi qəhrəmanlarını yad etdi, onları Zəfərlə müjdələdi. İkinci ildir ki, bu müqəddəs məkanı alnıaçıq yad edir, narahat ruhların rahatlığa qovuşduğunu düşünüb təskinlik tapırıq. Uca Yaradandan həm müstəqilliyimiz, həm də ərazi bütövlüyümüz uğrunda canından keçən, əbədiyyətə qovuşan Vətən fədailərinə rəhmət diləyir, ağır xəsarət alan qazilərimizə tezliklə şəfa tapmalarını arzulayıram. Uzun illər keçsə də, nə şəhidlər unudulacaq, nə də onların şücaəti. Gələcək nəsillər qəhrəmanların şərəfli həyat və döyüş yollarını örnək alaraq böyüyəcəklər".