×
Dekabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclərin maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirdə ali təhsil ocağının 500-ə yaxın tələbəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla işğal dövründə ermənilərin torpaqlarımızda böyük dağıntılar törətdiklərini, şəhər və kəndlərimizi viran qoyduqlarını bildirib. Rektor Prezident İlham Əliyev tərəfindən Qarabağın bərpası prosesinin qarşımızda duran ən vacib, prioritet vəzifələrdən biri kimi müəyyən edildiyini diqqətə çatdırıb.
Qarabağın bərpasının ümummilli məsələ olduğunu deyən rektor vurğulayıb: “Bu gün işğaldan azad olunan ərazilərdə çox ciddi bərpa və quruculuq işləri aparılır. İnfrastruktur yenidən qurulur, tarixi abidələr, yaşayış məntəqələri bərpa olunur. Lakin dağıntıların miqyası həddindən artıq böyükdür. Buna görə də bərpa prosesində iştirak etmək hər birimiz üçün müqəddəs borc olmalıdır".
Kamal Abdulla gənclərin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal olmalarının vacibliyini də vurğulayıb.
Sonra ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək görüş iştirakçılarına Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında yaradılan QDF-nin fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
R.Hacıyev işğaldan azad edilən ərazilərdə ermənilərin törətdikləri dağıntılardan danışaraq işğal nəticəsində ölkəmizə vurulan zərərin miqyasının həddindən artıq böyük olduğunu, hətta məscidlərimizin və məzarlıqların da vəhşicəsinə dağıdıldığını diqqətə çatdırıb.
Bildirilib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq prosesini öz gücü və imkanları hesabına həyata keçirdiyini bildirən Fondun rəhbəri Qarabağın bərpasında həmrəylik göstərməyin vacibliyini vurğulayıb.
İşğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də danışan R.Hacıyev qarşıya qoyulan məqsədlərə çatmaq, Qarabağı daha tez bərpa etmək üçün ianəçiliyin təbliğinin vacibliyini qeyd edib. İdarə Heyətinin sədri bərpa prosesində, eyni zamanda, informasiya savaşında tələbələrin və gənclərin rolunu vurğulayıb.
Qarabağ məsələsinin hər bir azərbaycanlı üçün ümummilli, çox vacib bir məsələ olduğunu vurğulayan Milli Məclisin deputatı Nigar Arpadarai erməni diasporunun azərbaycanlılara qarşı çox fəal mübarizə apardıqlarını bildirib. Deputat gənclərin informasiya müharibəsində daha fəal olmasının vacibliyinə diqqət çəkib. O, müharibə zamanı olduğu kimi, bərpa prosesində də həmrəylik nümayiş etdirməyin əhəmiyyətini bildirib.
Daha sonra Rəhman Hacıyev Fondun 2021-ci il üzrə maliyyə hesabatlarını və PwC şirkəti tərəfindən keçirilən maliyyə auditinin nəticələri haqqında ətraflı məlumatı bölüşüb.
Çıxışlardan sonra görüş müzakirələrlə davam edib