×
Oktyabrın 25-də Qarabağ Dirçəliş Fondunun və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə "İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dair videoçarx nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.
Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də dövlət vəsaiti hesabına, o cümlədən QDF-in maliyyə dəstəyi ilə icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Qarabağ Dirçəliş Fondu özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçirir. Biz, ilk növbədə, mədəni-tarixi abidələrin, ekologiyamızın bərpa olunması istiqamətində çalışırıq.
Milli Xalça Muzeyinin Şuşa filialının binasının bərpa olunduğunu bildirən R.Hacıyev deyib: “Bundan əlavə, “Şahbulaq” qalası bizim maliyyə dəstəyimiz hesabına bərpa olunur, qalanın ətrafında müasir turizm infrastrukturu yaradılacaq. Həmçinin Ağdamda olan Pənahəli xanın İmarət kompleksi layihəsinə də start verilib”.
Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib ki, Agentliyin yaradılması Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda qeyri-hökumət təşkilatlarının inkişafı üçün yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, dövlət qurumları vətəndaş cəmiyyətinin ən yaxın tərəfdaşıdır. Özəl sektorla da vətəndaş cəmiyyətinin əməkdaşlığının genişləndirilməsi çox önəmlidir. 2024-cü il qrant müsabiqələrinə Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi məsələsinin salınması növbəti il üçün bu istiqamətlərdə maraqlı təşəbbüslərin dəstəklənməsinə şərait yaradacaq.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və digər çıxışçılar da işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışaraq, şəffaflığın və rəqabətliliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun 2023-cü ildəki fəaliyyətinə dair qısa videoçarx nümayiş etdirilib.
Sonra tədbir müzakirələrlə davam edib. Müzakirələr zamanı işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi, bunda vətəndaş cəmiyyəti institutlarının rolu və digər mövzular ətrafında fikir və təkliflər səsləndirilib.
Müzakirələrin yekunu olaraq cəmiyyətdəki neqativ hallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi qərara alınıb.