×
Fevralın 11-də Prezident Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı üçcildlik kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Kitabxanasının direktoru Afət Abbasova nəşrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, son dövrlər kitab təqdimatlarının intensiv xarakter alması fonunda Sadiq Qurbanovun bu fundamental tədqiqat əsəri xüsusi aktuallığı ilə seçilir.
Professorun sözlərinə görə, müasir Azərbaycanın iqtisadiyyatının bünövrəsini təşkil edən neft sənayesinin tarixi inkişaf mərhələlərinə həsr olunmuş əsər iqtisadi və siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, nəşr bilik və təcrübənin paylaşılmasına, sahənin elmi əsaslarla inkişafına xidmət edir və böyük zəhmətin məhsuludur.
Tədbir çərçivəsində kitabın ərsəyə gəlməsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra təqdimat mərasimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq elmləri doktoru Əli Hüseynlinin moderatorluğu ilə davam edib.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxışında kitabı neft sənayesinin tarixinin öyrənilməsi və enerji strategiyasının sistemli tədqiqi baxımından mühüm töhfə kimi dəyərləndirib. O vurğulayıb ki, belə nəşrlərdə müxtəlif baxışların, sənədlərin və faktların ardıcıl şəkildə toplanaraq təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bildirilib ki, əsərdə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nə geniş yer ayrılıb.
Akademik Arif Həşimov diqqətə çatdırıb ki, üçcildliyin mühüm xüsusiyyətlərindən biri enerji diplomatiyasının ayrıca və sistemli istiqamət kimi təqdim olunmasıdır. Onun sözlərinə görə, müəllif enerji siyasətini təkcə daxili iqtisadi qərarlar müstəvisində deyil, həm də beynəlxalq münasibətlər və geosiyasi balans kontekstində təhlil edir ki, bu da əsərin elmi dəyərini artırır və onu müasir enerji tədqiqatları ilə uzlaşdırır.
Energetika nazirinin müavini Orxan Zeynalov bildirib ki, nəşr müasir Azərbaycanın enerji siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin və Prezident İlham Əliyevin bu siyasəti müasir çağırışlara uyğun şəkildə davam etdirməsinin elmi baxımdan öyrənilməsi üçün əhəmiyyətli mənbədir.
Akademik Vaqif Abbasov əsəri həm elmi ictimaiyyət, həm də iqtisadçılar üçün mühüm mənbə kimi qiymətləndirib.
Ekologiya nazirinin müavini Vüqar Kərimov isə dünyada enerji balansının düzgün qurulması, tullantıların idarə olunması və digər ekoloji problemlərin aktuallaşdığı bir dövrdə belə bir fundamental tədqiqatın nəşrini elmi ictimaiyyət üçün mühüm töhfə adlandırıb.