Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbir keçirilib.
×
Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcəyini deyib: “Belə ki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya və gənclərlə bağlı tədbir olacaq. Biz ambisiyaları genişləndirməli, ölkələrə istixana qazlarını azaltmalarına imkan yaratmalıyıq. Şəffaflıq inam və etibar quruculuğu istiqamətində vacib addımdır. Bizim fəaliyyətimiz koordinasiyalı olmalı, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə cəlb etməliyik. Bizim fəaliyyətimiz iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasına hesablanmalıdır. İqlim dəyişmələri ilə mübarizə fondunun yaradılması dövlət və özəl tərəfləri bir araya gətirəcək”.
COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un iqlim dəyişmələri problemində praktiki həllər tapmağa imkan yaratdığını diqqətə çatdırıb: “Düşünürəm ki, COP29 bu istiqamətdə həlledici rol oynayacaq. Biz təcrübələrlə yanaşı, eyni zamanda, geniş tərəfdaşlıqlar qurub, mövcud tərəfdaşlıqları inkişaf etdirəcəyik. Dayanıqlı gələcək qurmaq, 1,5 planına sadiq qalmaq bizim əsas hədəfimizdir”.